Azərbaycan 2017-ci ildə təbii qaz hasilatını artırmağı, neft hasilatını isə azaltmağı planlaşdırır.
Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev “Natural Gas World”ə müsahibəsində deyib.
Nazir deyib ki, 2017-ci ildə ölkədə təbii qaz hasilatının 0,8 faiz artaraq 29 milyard 561 milyon kubmetr olacağı nəzərdə tutulur. 2016-cı ildə Azərbaycanda 29 milyard 331,3 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin də 18 milyard 714,7 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Cari il yanvarın 1-nə yeraltı qaz anbarlarında saxlanılan qaz isə 1 milyard 167 milyon kubmetrə çatıb.
Natiq Əliyev bildirib ki, Azərbaycan “Şahdəniz-1”dən hasilatı artırmağı planlaşdırır.
2017-ci ildə “Şahdəniz-1”dən hasil ediləcək qazın 10 milyard kubmetrdən çox olacağı nəzərdə tutulur.
Bununla yanaşı, gələn il “Şahdəniz-2” üzrə ilkin hasilata başlanılacaq.
“Azərbaycan neft hasilatının azaldılması sazişinə tam sadiqdir.
Bu il yanvarın 1-dən etibarən ölkədə gündəlik neft hasilatı 35 min barrel azalıb”, - deyə nazir əlavə edib.
2016-cı ildə Azərbaycanda 41 milyon 29,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.