Oktyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə "Made in Azerbaijan" adlı ikigünlük işgüzar-mədəni tədbir keçiriləcək.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir zamanı Azərbaycan istehsalı olan malların Avropa, o cümlədən Macarıstan bazarına çıxarılmasına dəstək məqsədilə istehsalçılarımızın macar şirkətlərinin, topdan və pərakəndə satış şəbəkələrinin təmsilçiləri ilə işgüzar görüşlərinin təşkil olunması, məhsulların sərgilənməsi, habelə incəsənət nümayəndələrimizin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.
Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.