Eurasia Diary xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu özünün feysbuk hesabında yazıb.
Ekspert bildirib ki, Azərbaycan qida bazarında baş verənlər ciddi narahatlıq doğurur.
"Burda "Bravo" və "Azərsun" əməkdaşlığı timsalında müşahidə olunan inhisarçılıq meylləri ilə yanaşı genetik modifikasiya olunmuş məhsulların bazar payının artırılması diqqəti cəlb edən əsas məsələlərdən hesab olunur. İstehlakçıların xəstəliyi üzərində qurulan biznes imperiyaları getdikcə daha hökmran mövqeyə sahiblənirlər.
Təsadüfi deyildir ki, son həftədə 2 dəfə kütləvi qida zəhərlənməsi qeydə alınıb. Lerikdə toydan sonra da Şabranda ad günündə kütləvi zəhərlənmə olub.
Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Odur ki, istehlakçılara müraciət edirəm ki, qida məhsullarının alışı zamanı diqqətli olun, aldıqları məhsulların saxlanma tarixinə nəzər salın, ucuz və keyfiyyətsiz məhsullara aldanmayın. Unutmasınlar ki, bir çox xəstəliklər düzgün və sağlam qidalanma olmayanda yaranır"' - deyə Qubad İbadoğlu bildirib.