15 sentyabrda yeni tədris ilinin başlanması ilə artıq paytaxt Bakıda sıxlıq müşahidə edilir. Paytaxta axının artması əsasən kirayə bazarında bahalaşmaya səbəb olub. Bu əsasən tələbələrin yeni tədris ili uçün şəhərə qayıtması ilə əlaqədardır. Tələbatın bu dərəcə də artması isə qiymətləri “at belinə” qaldırıb. Elə bu səbəbdən də ev axtaranların narazılıqları günü-gündən artır. Onların sözlərinə görə, keçən il 300 manata kirayə tutduqları mənzili bu il 400-450 manata güclə tapmaq olur. Bu da onu göstərir ki, hazırda kirayə bazarında qiymətlər 40-50 faizə qədər bahalaşıb.
Məsələ ilə bağlı Ednews-a danışan tikinti məsələsi üzrə ekspert Elnur Azadov kirayə bazarında müşahidə olunan bu bahalaşmanın səbəbini mənzillərin satış dəyərlərinin yüksəlməsi ilə əlaqələndirib.
“Kirayə evlərin bahalaşmasının əsas səbəbi mənzillərin qiymətinin yüksəlməsidir, bu birmənalı şəkildə buna görə baş verir. Mələsən, son bir ildə yeni tikililərin qiyməti 20 % artıb”.
Ekspert bahalaşmanın digər səbəbindən də danışıb. O, qeyd edib ki, bütün sahələrdə təlabatın artması və qıtlığın yaranması bahalaşmaya səbəb ola bilir.
“Mənzillərin qiymətinin bahalaşmasında qıtlığın da rolu böyükdür. Bu bahalaşmalar nəinki tələbələrə, həmçinin sosial vəziyyətləri aşağı olan insanalara da ciddi təsir göstərir. Hazırda Bakı şəhərində tikinti şirkətlərinin sayı azdır. Paytaxtda təxminən 100-150 tikinti şirkəti fəaliyyət göstərir. Bu da kifayət qədər az bir göstəricidir”.
Sonda Elnur Azadov belə vəziyyətlərin qarşısını almaq üçün təklif də irəli sürüb. Onun sözlərinə görə, bunun üçün ən birinci tikinti şirkətlərinin sayı artırılmalıdır.
“Tikinti şirkətlərinin sayının artması bu problemin ən böyük həll yollarından biridir. Əgər bu şirkətlərin sayı artmasa, hər il mənzillərin qiymətlərində bahalaşmalar olacaq”.
Məsələ ilə əlaqədar millət vəkili Razi Nurullayev Ednews-a açıqlamasında bildirib ki, tikinti şirkətlərinin az olması Azərbaycanda müşahidə olunmur. Ölkədə az tikinti müşahidə olunur.
“Tikinti qaydaları xeyli dərəcədə sərtləşdirilib. Əvvəlki kimi asan yollarla tikinti aparmaq mümkün olmur. Əvvəllər demək olar ki, müəyyən yollarla hər kəs bina tikə bilirdi. Amma indi keyfiyyətə üstünlük verilir. Bu da maliyyə tələb edən məsələdir. Tikinti şirkətlərinin sayı azalmağı ilə bağlı fikirlərlə razı deyiləm. Sadəcə olaraq Azərbaycanda hər bir sahədə bahalaşma mövcuddur. İnsanlar da bu bahalaşmanı kompensasiya etmək üçün ixtiyarlarında olan əmlakları daha da baha satmağa məcbur olurlar. Buna birinci səbəb kimi tədris ilinin başlaması kirayə evlərə olan təlabatın artması, digər səbəb kimi isə Rusiyadan və Ukraynadan Azərbaycana xeyli insanların gəlməsi ilə əlaqəlidir”.