Azərbaycanın supermarketlərində, dükanlarında “Snikers” şokoladı qıtlığı müşahidə edilir. Alıcılar bu məhsulu tapmaqda olduqca çətinlik çəkirlər. Bu barədə sosial şəbəkələrdə də etirazlar yayılır.
Ednews bu barədə iqtisadiyyat sahəsi üzrə ekspertlərdən ”Snkers”in qıtlığının səbəbini öyrənib.
Veysəloğlu şirkətinin satış şöbəsinin müdiri Kamal Məmmədov açıqlamasında qeyd edib ki, Azərbaycan həmin məhsulları Rusiyadan tədarük edirdi. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra şirkət Rusiyada olan zavodlarını bağladı, bununlada ixracat dayandı.
“Biz də Marsın Avropadakı zavodlarından tədarük etməyə məcbur qaldıq. Azərbaycan həmin zavodların 2022-ci il tədarük planlarında olmadığı üçün də məhsulların tədarükündə problem yaratdılar. Bu səbəbdən şirkət bizim üçün illik plandan artıq nə tədarük edə bilirsə onu alırıq. Lakin, qıtlıq dekabrın sonuna kimi həll olacaq. 2023 ilində isə belə problem yaşanmayacaq”.
Kamal Məmmədov onu da əlavə etdi ki, hazırda “stok”lara müəyyən qədər məhsullar daxil olub. Həmin məhsulların üzərində Azərbaycan dilində məlumatlar stikerlənir:
“Gələn məhsulların üzərində Azərbaycan dili yoxdur deyə biz onları stikerləmək məcburiyyətindəyik. Amma anlaşmaya görə bundan sonra gələcək olan məhsulların üzərində Azərbaycan dilində məlumatlar olacaq və bu da vaxt itkisinə səbəb olmayacaq”.
İqtisadçı-eskpert Günay Hüseynovanın sözlərinə görə, bu hadisənin başlanğıcı bir neçə ay öncə olub. Snikers şokalad məhsulu ABŞ-ın “Mars Wrigley” şirkətinə məxsusdur.
“Bir neçə ay öncə “Mars Wrigley” sosial şəbəkədə reklam çarxında Tayvanı müstəqil ölkə kimi təqdim etdi. Çin platformasında olduqca müzakirə mövzusu oldu. ABŞ Çin arasında illərdir bir-birinə qarşı iqtisadi təzyiqlər, müxtəlif maliyə sanskiyaları hökm sürür. Digər səbəb isə FED-in uçot dərəcələrini artırma ehtimalı, növbəti il üçün infliyasiya göstəriciləri, qiyməti artıracaq faktorlar və bir çox səbəblər var. Ən böyük pay isə təbii ki, işbazların üzərinə düşür ki, məhsulda qara bazarı formalaşdırıb yenidən bazara çıxarmaq. Lakin qeyd edim ki, snikers zəruri ehtiyac malı deyil və alternativi ilə əvəz olunacaq maldır onun üçün də narahatlığa səbəb yoxdur”.
Oğuz Ayvaz