Azərbaycan ötən il 1 016 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycan 510 564,9 min kubmetr həcmində təbii qaz idxal edib.
Həmçinin bildirilir ki, Azərbaycanın ötən il idxal etdiyi qazın dəyəri 130 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi (19 385,42 min dollar) ilə müqayisədə 6,7 dəfə çoxdur.
Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi – 857 066,65 min kubmetr (110 871,38 min dollar) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 265,8 min kubmetr, dəyəri – 17 254,17 min dollar) və İranın (həcmi – 66 091,19 min kubmetr, dəyəri – 2 508,56 min dollar) payına düşüb.
Xatırladaq ki, Azərbaycan 2022-ci ildən Türkmənistandan İran ərazisi ilə svop (əvəzetmə sxemi üzrə tədarük - red.) əməliyyatları çərçivəsində qazın idxalına başlayıb.
Bundan əlavə, ötən il noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb.
Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 mlrd. kubmetrədək qaz tədarükünü nəzərdə tutur.