Mərkəzi Bank uçot dərəcəsinin 9 %-dən 8,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Statistikaya görə Azərbaycan kredit faizlərinin yüksək statistikasına görə denya ölkələri arasında ön sıralarda yer alır.
Bu qərar kredit faizlərinin endirilməsi ilə nəticələnə bilərmi?
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bir ildən sonra ilk dəfə uçot dərəcəsi endirilib.
“Əslində artıq bir ildən çoxdur ki, Mərkəzi Bank uçot dərəcəsini artırmaqdadır. Bank inflyasiya ilə mübarizə çərçivəsində bu addımın atıldığını söyləyirdi. Klassik nəzəriyyəyə görə, doğurdan da uçot dərəcəsinin artırılması inflyasiyanın azalmasına təsir göstərən amillərdən biridir. Buna baxmayaraq, paralel olaraq faizlər də artır. Buna həm istehlak kreditləri faizləri, həm də biznes kreditləri faizləri aiddir ki, bunlar Azərbaycanda kifayət qədər yüksəkdir. Beləliklə, biznes kreditlərinin baha olması yeni iş yerləri və yeni iqtisadi aktivliyin yaranmasında maneələrdən birinə çevrilib”.
Ekspert həmçinin bunun bank kreditlərinə də təsirindən də danışıb. O, qeyd edib ki, Mərkəzi Bankın son hesabatına əsasən, artıq inflyasiyanın azaldığını-birrəqəmli həddə düşdüyünü söyləmək olar.
“Bu formal olaraq onlara imkan yaratdı ki, uçot dərəcəsini 0.5% aşağı salsınlar. İlin sonunda Mərkəzi Bankın növbəti bir iclası da gözlənilir və əgər yenə də 0.5% uçot dərəcəsinin azaldılması baş verərsə, bu gələn il kredit faizlərinə ciddi şəkildə təsir göstərəcək. Ən azından kredit faizlərinin 1-1.5% civarında azaldılması mümkündür. Fikrimcə, istehlak və biznes kreditlərində də daha ucuz kreditləşmə müşahidə edə bilərik. Məntiqi baxımdan, kreditlərin aşağı düşməsi gerçəkləşməlidir. Lakin, nəzərə alınmalıdır ki, Mərkəzi Bankın atdığı addımların bazara təsir etməsi vaxt tələb edir. Ona görə də, ilin sonuna qədər daha bir faiz endirimi olsa, 2024-cü ilin əvvəlindən biz bankların faiz dərəcələrində müsbət dəyişiklik görə bilərik”.
Fərid Axund