Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.
Bu barədə Ednews-a Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) məlumat verilib.
Bildirilib ki, Agentlikdə Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.
AREA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AERA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.