Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada çirkli su və hava, gigiyenaya riayət edilməməsi azyaşlı uşaq ölümünün başlıca səbəblərinə daxildir.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ətraf mühitin çirklənməsi diareya, malyariya və pnevmaniya kimi xəstəliklər törədir ki, bunun da nəticəsində hər il 1,7 milyon uşaq həyatını itirir.
Təşkilatın baş katibi Marqaret Çen bildirib ki, ətraf mühitin çirklənməsi xüsusilə azyaşlı uşaqlar üçün təhlükə törədir.
Azyaşlı uşaqların orqanlarının fəaliyyəti və immunitet sisteminin zəif olması, eləcə də, bədənlərinin və həyat üçün əhəmiyyətli nəfəs yollarının kiçik olması çirkli su və hava qarşısında onları həssas edir.
Hesabatda deyilir ki, ətraf mühitin çirklənməsi astma kimi nəfəs yollarının digər xroniki xəstəliklərinin yaranmasına, ürək-damar sistemi xəstəliklərinin, insultun və xərçəngin inkişafı riskini artırır.
Uşaqlar həm də qida, su, hava və ərzaq vasitəsilə zərərli kimyəvi qatqıların təsirinə məruz qalır.
Ümumdünya Səhiyyə Təşkilatının ictimai səhiyyə məsələləri üzrə eksperti Mariya Neyra uşaqlar üçün daha təhlükəsiz mühit yaratmaq üçün dövlətləri aktiv olmağa çağırıb. “Ekologiyadan gələn riskləri aradan qaldırmaq üçün istifadə edilən suyun keyfiyyətini artırmaq və ya daha təmiz yanacaq növlərindən istifadə olunmalıdır” - deyə, o qeyd edib.