Son günlər ölkədə koronavirusa yoluxma sayı sürətlə artır. Ötən gün yoluxma sayı 4943 nəfər olub, 20 nəfər isə vəfat edib. Azərbaycanda COVID-19 pandemiyası başlayandan iki dəfə belə yüksək yoluxma tempi müşahidə edilib. İlk belə hal 2020-ci ilin dekabrında baş verib. Göründüyü kimi artım daha çox qış aylarına təsadüf edir. Bu, insanların adi zökəm xəstəliyi ilə yeni ştammın əlamətlərini səhv salmasına da səbəb olur.
İnfeksioinist həkim Vüqar Cavadzadə Ednews-a açıqlaması zamanı yoluxmaların kəskin artmasının “Omicron” ştammı ilə bağlı olduğunu bildirib.
“Bilirik ki, “Omicron” ştammı “Delta plus” ştammına nisbətən 4 dəfə çox yoluxuculuğa malikdir. Yoluxmalar getdikcə bir az da artacaq. Qarşıda məktəb və universitetlərin açılması yoluxmaların bir az artmasına gətirib çıxara bilər".
Həkim qeyd edib ki, “Omicron” ştammında burun axma, boğazda ağrı, döş sümüyü arxasında ağrı, bəzən qulaqlarda ağrı, temperatur, əzələ-sümük ağrıları olur.
""Omicron" ştammının spesifik əlamətləri yoxdur, bunlar ümumi əlamətlərdir. Bəzən xəstələrdə dözülməz boğaz ağrıları olur”.
“Müalicədə təmamilə COVID-19 ilə eynidir. Digərində hansı tədbirlər görülürsə bunda da həmin müalicə aparılır”, -deyə V. Cavadzadə əlavə edib.
Gülnar Səlimova