Son zamanlar Azərbaycanda soyuqdəymə, qrip kimi halları artıb. Bu xəstəlik özünü yüksək hərarət, titrətmə, boğaz ağrıları, zəiflik, öskürək, baş ağrısı ilə göstərir. Xəstəliyə yoluxanların çoxu həkim məsləhəti almadan öz bildikləri metodlarla sağalmağa can atırlar. Lakin xəstəlik türkəçarə yollarla tezliklə sağalmır.
Ednews xəstəliklə bağlı tanınmış infeksionist Rasif Bağırovun fikirlərini öyrənib. O, qeyd edib ki, bu gün hələ də bizə koronavirusa yoluxmuş xəstələr müraciət edirlər.
“Hazırda yayılan qrip mövsümi qriplərdən biridir. Eyni zamanda Koronavirusun Omikron variantı da hazırda mövcuddur. Kütləvi şəkildə olmasa da, hələ də bu virusun daşıyıcılarına rast gəlmək olur. Amma hazırda Azırbaycanda yayılan xəstəlik mövsümi qripdir. Havaların dəyişməsi ilə bağlı qripə yoluxanların sayı artıb. Zənnimcə, bu normaldır. Bu mövsüm qripinin koronavirus qədər ciddi fəsadları yoxdur. Ağ ciyərdə iltihab yaradacaq qədər qorxulu xəstəlik deyil. Amma, omikron virusundan insanlar qorunmalıdırlar. İnsanlar bu virusa adi xəstəlik kimi yanaşır, sonradan ağ ciyərdə iltihab yaradanda vəziyyət daha da ağırlaşır”.
R.Bağırov eyni zamanda insanların qidalanmasından da bəhs edib.
“Qidanın burada ciddi rolu yoxdur. Mövsümi xəstəliklərdən qaçmaq qeyri-mümkündür. Sadəcə immuniteti qaldırmaq üçün meyvə tərəvəzlərlə qidalanmaq insana müsbət təsir edir”.
Ayan Rzayeva