Stenford Universitetinin alimləri Çilidə tapılan qəribə varlığın skeletinin insana aid olduğunu rəsmi olaraq etiraf ediblər.
Bu barədə “Mirror” qəzeti məlumat yayıb.
Skelet Çilidə 15 il əvvəl tapılıb və elm ictimaiyyəti və ufoloqların təəccübünə səbəb oldu. “Atakama” adı verilən mumiyanın başı konusvaridir və boyu təxminən 15 santimetrə yaxındır. Tapıntının qəribə əlamətləri onun yadplanetli olduğu nəzəriyyəsini ortaya çıxarırdı. Bəziləri onu meymun da hesab edirdi.
Mumiyaya növbəti maraq 2013-cü ildə yenidən başladı və “Atakama”nın yadplanetli olması iddiaları “Sirius” adlı sənədli filmlə bir daha irəli sürüldü.
Stenford Universitetinin professoru Heri Nolan bunun olduqca ciddi açıqlama olduğunu bildirmişdi.
Nəhayət, alimlər DNT analizi apardılar və yadplanetli haqda qarışıq tarixə aydınlıq gətirildi. “Genome Research” jurnalında nəşr olunan materiallara əsasən, skelet əslində cırtdan boyluluqdan əziyyət çəkən balaca qıza məxsusdur.
“Bu tarix yadplanetlilər haqqında növbəti əhvalatla başladı. Əslində isə bu, insanlıq faciəsidir. İndi qızın ruhu rahatlıq tapa bilər”, - Nolan bildirib.(axar.az)