Biz xarıbülbülü Şuşanın simbolu hesab edirik və bilirik ki, bu bitki Şuşa torpağında daha yaxşı bitir. Və son illərə qədər də bu bitkinin başqa yerdə yetişməsinin şahidi olmamışıq. Ancaq Şuşanın işğalından sonra xarıbülbülün nadir hallarda da olsa, başqa yerlərdə yetişdiyini eşitməyə başladıq. Bu dəfə xarıbülbülün səsi Cəlilabaddan gəldi.
Qarabağın və Şuşanın təbii simbolu sayılan xarıbülbül Cəlilabadda da bitir.
Yad torpaqda çətin bitməsi və tez məhv olması ilə tanınan xarıbülbülün cənub rayonlarına doğru yayılması yerli sakinlərin marağına səbəb olub.
Rayonun Fərəcullalı kənd sakini Vasif Hüseynov bu ərazilərdə xarıbülbülün bitdiyini təsadüf nəticəsində aşkar edib.
Hazırda Fərəcullalı kəndində bir təpədə məhdud əraziyə yayılan bu bitkini qorumaq üçün yerli sakinlər mal-qaranı buradan uzaq tutmağa çalışırlar.
Azərbaycan təbiəti üçün endemik bitki hesab olunan və əsl adı Qafqaz Qaş Səhləbi olan xarıbülbül "Qırmızı kitab"a daxil edilib. (xezerxeber.az)