Çoxları bilir ki, diş minası insan orqanizmindəki ən sərt maddədir. Belə ki, onu süni şəkildə çoxaltmaq da çox çətindir. Tarix boyu diş həkimləri müxtəlif materiallardan istifadə edərək zədələnmiş və çürümüş dişləri təmir etmişlər.
Ednews Science jurnalına istinadən xəbər verir ki, kimya və dizayn mühəndislərindən ibarət komanda minanın əsas xüsusiyyətlərini təqlid edən yeni material icad ediblər. İxtira original minaya görə daha davamlı və ən əsası bir az elastikdir.
Bu çoxyönlü maddə sınıq sümükləri gücləndirmək, daha yaxşı kardiostimulyator yaratmaq və diş minasının əvəzi kimi istifadə olunmaqla yanaşı, “ağıllı dişlər” yaratmaqla plombları daha üst səviyyəyə çıxarmaq üçün istifadə oluna bilər.
Minanın unikal balanslaşdırılmış xüsusiyyətlərinin sirri onun strukturundadır. O, yalnız elektron mikroskopla görünən milyonlarla sıx şəkildə yığılmış kalsium fosfat çubuqlarından ibarətdir. Sümükdən fərqli olaraq mina insan orqanizmi tərəfindən bərpa oluna bilməz.
Qeyd edək ki, tədqiqatçılar yeni materialları diş şəklinə saldıqdan sonra onun güclü istilik və təzyiq altında çatlayıb-çatmayacağını yoxlayıb. Təcrübə sonrası alimlər süni minanın təbii minaya nisbətən daha çox gücə tab gətirə biləcəyi qənaətinə gəlib.
Miçeqan universitetinin kimya mühəndisi və tədqiqat qrupunun üzvü Nikolay Kotovun sözlərinə görə materialın ürək xəstəliyi olan insanlar üçün daha yaxşı və daha davamlı kardiostimulyator yaratmaq və ya ağır osteoporozlu insanlarda xarab olan sümükləri gücləndirmək üçün istifadəsi nəzərdə tutulur. Onun sözlərinə görə, material hətta smartfonla sinxronlaşdırıla bilən sensorlardan ibarət protez olan "ağıllı diş" yaratmaq üçün dəyişdirilə bilər. Belə bir cihaz anormallıqların olub-olmaması üçün bir insanın nəfəsini və ağızdakı bakteriyaları izləyə bilir. Bu da həkimlərə diabet kimi xəstəlikləri xəstənin fərqinə varmadan aşkar etməyə imkan verir.