Tokionun Meiji Universitetinin professoru Homei Miyaşita və onun komandası, Yapon qida nəhəngi kimi tanınan “Kirin” ilə birgə sadə sistemə əsaslanan yeni yemək çubuqları ixtira ediblər.
Ednews xəbər verir ki, dünyada bir ilk hesab edilən ixtira elektriklə stimullaşdırılan çubuqlar və biləyə quraşdırıla bilən mini kompüterdən ibarətdir.
İnsana zərər verməmək üçün zəif elektrik cərəyanı verilən həmin çubuqlar qidanın tərkibindəki natrium xlorid (NaCl) və natrium qlutamat (C₅H₈NO₄Na) ionlarını ağıza ötürərək “süni duzluluq” dadı yaradır.
Məhsulun hazırlanması zamanı duzu azaldılmış miso şorbasının dadına baxan ekspertlər yeməyin dadında duzluluğun artdığını vurğulayıblar.
Qeyd edək ki, duzdan çox istifadə etmək infarkt və insultun əsas səbəbi olan qan təzyiqini yüksəldir.
Ümumi olaraq, bir yaponiyalının gündəlik qəbul etdiyi duzun miqdarı 10 qramdır. Bu göstərici isə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi 5 qram duz normasından iki dəfə çoxdur.
Yaponiya hökuməti duzun miqdarını kişilər üçün 7,5 qram, qadınlar üçün isə 6,5 qrama endirməyi düşünürlər.
Kirin şirkətinin tədqiqatçısı Ayi Satonun sözlərinə görə çubuqlar dadlı yemək yeyərək duzdan istifadəni azaltmağa kömək edəcək.
"Əgər biz ənənəvi üsullarla duz qəbulunu azaltmağa çalışsaq, ya qida rasionumuzdan ən çox sevdiyimiz qidaları çıxaracağıq, ya da son dərəcə dadsız-duzsuz yeməklər yeməyə davam edəcəyik".
Qeyd edək ki, çubuqları icad edən Miyaşitanın laboratoriyası digər insan hisslərini stimullaşdıran texnologiyadan istifadə edərək müxtəlif sahələrdə araşdırmalarını davam etdirir.
Onun keçmiş ixtiralarından biri də müxtəlif yeməklərin dadını təqlid edən “dil impulsları ilə təamların dadını hiss etdirən” televizorlar olub.