Gözəllik müsabiqələri müasir dövrdə o qədər artıb ki, artıq adiləşib və insanlarda böyük marağa səbəb olmur. Hər il növbəti dəfə uzun ayaqları və incə bədən quruluşu olan bir xanım müsabiqənin qalibi olur. Plastik əməliyyatlar və kosmetoloq toxunuşları gözəlləri bir-birinə bənzər hala salıb. Lakin bu, həmişə belə olmayıb.
Ednews big.az-a istinadən bildirir ki, 1952-ci ildə, Kaliforniyanın Lonq-Biç şəhərində, 30 ölkə arasında keçirilən ilk "Miss Kainat" yarışmasının qalibi Finlandiya təmsilçisi, 17 yaşlı Armi Kuusela olub.
Onun bədən ölçüləri heç də model standartlarına uyğun olmayıb: 165 sm boy və 49 kq çəki. Lakin üzgüçülük, xizəksürmə və gimnastika məşqləri sayəsində Armi mükəmməl görünüşə sahib olub və hər kəsi təbii gözəlliyi ilə heyran edib.
Müsabiqədən sonra Kuusela "Dünyanın ən gözəl qızı" filmində rol alıb və Filippindən olan iş adamı Vircilio Hilario ilə ailə qurub. Cütlüyün 5 övladı dünyaya gəlib. 22 il sonra həyat yoldaşı vəfat edib. Üç il sonra isə Armi amerikalı diplomat Albert Uilliamsa ərə gedib.
Hazırda 88 yaşı olan Kuusela cəmiyyət arasında gec-gec görsənir və ictimaiyyətə qapalı həyat tərzi sürür.