700 bal toplayıb, xarici seçən tələbə - “Təhsilimizdəki ən böyük problem... | Eurasia Diary - ednews.net

21 İyul,


700 bal toplayıb, xarici seçən tələbə - “Təhsilimizdəki ən böyük problem...

Müsahibə A- A A+

“Təəssüf  ki, təhsilimizdə həm orta,  həm də ali məktəb səviyyəsində fundamental  boşluqlar var. Bunların başında sözsüz ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq hələ də orta təhsil müəssisələrində rastlanan rüşvətxorluq hallarıdır”.

Bunu AzEdu.az-a müsahibəsində Macarıstanda oxuyan gənc soydaşımız Fərid Hüseynov deyir.

Fəridlə müsahibəni təqdim edirik:

Öz dilindən dosye: Mən Fərid Hüseynov 1999-cu ildə Bakıda anadan olmuşam. 2005-ci 244 saylı tam orta məktəbdə ibtidai təhsilə başlamışam. 2009-cu ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 5-ci sinfinə qəbul olaraq, 2016-cı ildə oranı məzun olaraq bitirmişəm. Həmin il keçirilən qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayıb,  ADA Universitetinin İqtisadiyyat fakültəsinə qəbul oldum. Həmçinin, Macarıstanın dövlət təqaüd proqramına müraciət edərək Szeged Universitetinin Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə təqaüd qazanmışam. Hazırda burada  ali təhsilimi 3-cü kurs tələbəsi kimi davam etdirirəm.

-Fərid, əvvəlcə, Macarıstan təhsil sisteminin özəllikləri barədə məlumat verərdin; bəyənib-bəyənmədiyin tərəfləri hansılardır?

-Macarıstan Avropanın inkişaf etmiş dövlətlərinə bənzər ali təhsil sisteminə malik olduğu üçün oxuduğum universitetimdən razıyam. Burada öyrədilən material ən müasir vəsaitlərə əsaslanır. Akademik göstəriciləri yaxşı olan tələbələri motivasiya etmək üçün macar hökuməti və universitet rəhbərliyi təqaüd proqramları təklif edir. Bəyənmədiyim əsas cəhət isə əcnəbi tələbələrin sosial fəaliyyəti üçün ingilis dilində  kifayət qədər tədbirlərin təşkil olunmaması və könüllü təşkil edilən tədbirlərə maliyyə yardımının ayrılmamasıdır.

-Səncə, əgər Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində təhsil almasaydın, qəbul imtahanında yenə də 700 bal toplayardın:

-Düşünürəm ki, Türkiyə Dəyanət Vəqfi  liseyində təhsil almasaydım da yüksək nəticə qazana bilərdim. Çünki, uğurlu nəticə üçün başqa faktorlarla birlikdə 2 amil əsas rol oynayır: savadlı, tələbkar müəllim və abituriyentin yetəri qədər çalışqan və məsuliyyətli olması.

Lakin daha konkret və real danışsaq, orta təhsilimi 5-ci sinfə qədər oxuduğum dövlət məktəbində davam etdirsəydim yüksək nəticə əldə etməzdim. Yəni, repetitor yanına getmədən, sırf məktəbdə keçdiyim dərslər hesabına, çox güman ki,  700 bal toplaya bilməzdim.

-Səncə, orta məktəblərdə hansı yeniliklərin tətbiq olunması təhsilə fayda verə bilər?

-Hazırda təhsilin inkişafı üçün orta məktəb sistemində köklü reformlara ehtiyac olduğunu düşünürəm. Çünki,hazırda təhsilin keyfiyyəti və məktəblərdə nizam-intizam qənaətbəxş deyil.

Son illərdə dərsliklər və tədris proqramında bir çox dəyişiklər edilib və edilir. Lakin aidiyyatı orqanlar məktəblərdəki rüşvətxorluqla mübarizəyə, savadsız müəllimlərin təhsil ocaqlarından uzaqlaşdırılmasına daha çox diqqət ayırsalar, praktiki olaraq daha faydalı nəticələr əldə etmək olar.

-II ixtisas qrupu üzrə hazırlaşan bir gənc kimi Coğrafiya dərsliklərində hansı çatışmazlıqlar müşahidəetmisən?

-Coğrafiya dərsliklərindəki əksər materialların, xüsusilə də iqtisadi-sosial istiqamətli paraqrafların illər əvvəlki kitablara və statistik göstəricilərə əsaslanması ən böyük problemdir. Qlobal iqtisadi mühit günü-gündən sürətlə dəyişir və sözsüz ki, bütün bunları dərsliklərdə əks etdirmək mümkün deyil. Lakin müntəzəm olaraq dərsliklərdəki əlaqəli paraqraflar yenilənməlidir.

-700bal toplamaq daha çox şans, yoxsa, savad göstəricisidir?

-Fikrimcə, 650-dən yuxarı nəticə göstərmək savad, 700 bal toplamaq isə  həm savad, diqqət, həm də şans göstəricisidir. Çünki, abituriyent nə qədər bilikli olsa da, həyəcan və ya tələskənlikdənsualı səhv kodlaşdıra bilər. 

-Fərid, məlumdur ki, övladın uğur qazanıb-qazanmamasında valideyn faktoru  da böyük rol oynayır. Bu baxımdan,  valideynlərə  nə söyləmək istərdin?

-Hazırda cəmiyyətimizdə müşahidə etdiyim ən böyük problemlərdən biri valideynlərin övladlarını oxumaq mövzusunda çox sıxmasıdır. Daimi olaraq uşaqlara yüksək nəticə əldə etmək üçün  edilən təzyiq çox vaxt psixoloji cəhətdən əks-təsir göstərir. Bunun əvəzinə valideynlər övladlarına mənəvi dəstək olmalıdırlar.  Valideynlərə  məsləhət görürəm ki, oxumağın uğurlu gələcək baxımından önəmini övladlarına dost kimi danışaraq izah  etsinlər.

 -Bakalavr səviyyəsində qəbul zamanı 700 bal toplamısan, üstəlik, bu qədər uğurlara imza atmısan. Gələcək iş həyatında minimum nə qədər əməkhaqqı səni qane edər?

-Konkret rəqəm demək bir az çətindir. Amma məişətlə bağlı maddi ehtiyaclarımı qarşılamaqla yanaşı, hobbilərimlə istədiyim dərəcədə məşğul olacaq qədər gəlirimin olmasını istərdim. Karyeramın başlanğıcı üçün təqribən, 800-900 avro əməkhaqqı kifayət edə bilər.

-Bir müddət ADA Universitetində təhsil almısan.Orada həm də yüksək vəzifəli şəxslərin övladları da təhsil alırlar. Onlarla ünsiyyətdə çətinlik çəkmirdinki?

-Əslinə, 2016-cı ildə ADA  Universitetinə qəbul olsam da, ilk ildən akademik məzuniyyətlə Macarıstana gəldim. Daha sonra ilin sonundarəsmi olaraq ADA Universitetindən çıxmışam. Məhz ona görə də   oradakı tələbələrlə çox təmasda olmamışam. Lakin dostlarımın içində yüksək vəzifəli şəxslərin övladları var və münasibətimizdə problem yaşamamışam.

-Macarıstanda təhsil almaq  həyatında nələri dəyişdi?

-Xaricdə təhsil almaq mənə keyfiyyətli təhsildən əlavə çox şey qazandırıb. Hər şeydən öncə təkbaşına yaşamağı, öz ayaqlarımın üstündə dura bilməyi öyrəndim. Həmçinin dünyagörüşüm əhəmiyyətli dərəcədə artdı, beynəlxalq çevrəm genişləndi. Buradakı vəziyyətlə müqayisə edərək ölkəmizin mədəniyyətini daha dərindən anlamağa və problemlərini daha yaxşı təhlil etməyə başladım və s...

-Orada azərbaycanlı tələbələrin diasporla əlaqələri var?

-Bir neçə ay öncə universitetimizdə tələbələrin təşəbbüsü ilə Azərbaycanın Macarıstandakı səfirliyinin nəzdində diasporanın Szeged nümayəndəliyi fəaliyyətə başladı. Hətta fevral ayı ərzində tələbələrimizin həyata keçirməyi planladığı bəzi işlər də var. Bu istiqamətdə mən də 15 fevral tarixində Szegenddə keçiriləcək Beynəlxalq Münasibətlər üzrə konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdimat ilə çıxış edəcəyəm.

-Fərid, orada bir aya orta hesabla nə qədər  xərcin çıxır? Əcnəbi tələbələr üçün  “part-time” -  iş yeri nə dərəcədə var?

-Macarıstan Qərbi Avropa ölkələri ilə müqayisədə daha ucuz ölkədir. Burada   yaşadığım evi 3 dostumla birlikdə kirayə tutmuşuq, bu baxımdan, aylıq ev və kommunal da daxil olmaqla  350 avro civarında xərcim çıxır. Əcnəbi tələbələr üçün bir çox “part-time” iş imkanları var ki, bunlar əsasən istehsal fabriklərində fiziki işlərdir. Şəxsən mən də, bir müddət kibrit və qida paketləmə fabriklərində çalışmışam.

-Macarıstan və Azərbaycan tələbəsi arasında nə kimi fərqlər var?

-Universitetlərin yaratdığı imkan baxımı və təhsil sistemindən dolayı bir çox fərqlər var. Macarıstan universitetlərindəki tələbələr əcnəbilərlə çox  təmasda  olduğu üçün, dil bilikləri və dünyagörüşlərinin ortalaması daha yaxşı olduğunu demək olar. Lakin Azərbaycanın qənaətbəxş hesab olunan universitetlərindəki tələbələrin mövcud təhsil sisteminin tələbkarlığına görə, daha çalışqan olduğunu düşünürəm.

-Təhsildə hansı mexanizmlər var ki,onun ölkəmizin ali məktəblərində tətbiqini istərdin?

-Avropa təhsil sistemində ən bəyəndiyim cəhətlərdən biri dərslərin məcburi və seçimli olaraq bölünməsi, tələbələrin istədiyi istiqamətlərdə özünü inkişaf etdirə bilməsidir. Azərbaycan universitetlərinin bəzilərində limitli şəkildə olsa da, bu sistemin ölkə səviyyəsində tətbiqini  istərdim. Macarıstanda semestr sonu 6 həftəlik imtahan dönəmində, tələbələr bir dərsin imtahanını istədikləri həftə verə bilərlər.Bu da  vaxtımızı daha yaxşı bölməyə kömək edir. Məhz  qeyd etdiyim mexanizm yerli universitetlərimizə də tətbiq olunsa məqsədəuyğun olar.

-Türk liseylərində şagirdlərin namaz qılmağa və ya bu kimi digər dini ibadətlərə yönləndirilməsinə  dair fikirlər səslənirdi. Təhsil aldığın müddət ərzində hər hansı təsirə məruz qalmısan?

-Təhsil aldığım 7 illik müddət ərzində liseydə heç bir zaman məcburi və ya dolayı yolla ibadət etməyə yönləndirilmə vəziyyəti ilə qarşılaşmamışam. Bu barədə mətbuatda yayılan şayiələr tamamilə əsassızdır. Fikrimcə, bu məqsədli şəkildə həyata keçirilən anti-propoqandadır.

-Fərid, maraqlıdır, necə bir xanımla ailə həyatı qurmağı düşünürsən?

-Doğrusu, bu barədə hələ tam olaraq fikir formalaşdırmamışam. Amma ilk növbədə ortaq dəyərləri bölüşdüyüm, düşüncə tərzimin, xasiyyətimin uyğun gəldiyi, qarşılıqlı olaraq hörmət edib, sevgi bəslədiyim xanımla ailə qurmaq istərdim.

-Bəs, valideynlərin övladların evlilik işlərinə qarışmasına münasibətin necədir?

-Ailə həyatı qurmadan öncə valideynlərin məsləhət, razılıq və xeyir-duasını almağın vacib olduğunu düşünürəm. Eyni zamanda valideynlərin bu mövzuda fikir bildirərkən hər şeydən öncə övladlarının xoşbəxtliyini nəzərə almalı və qərarlarında onlara dəstək olmalı olduqlarını fikirləşirəm.

-Bir az da təhsilmizdəki boşluqlardan danışaq...

-Təəssüf ki, təhsilimizdə - həm orta, həm də ali təhsil səviyyəsində - bir çox fundamental boşluq var. Bunların başında sözsüz ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq, hələ də orta təhsil müəssisələrində rastlananrüşvətxorluq hallarıdır.

Müəllimlərin içərisində savadsız kadrların mövcud olması da bu korrupsion vəziyyətdən qaynaqlanmaqla yanaşı, həm şagirdlərin  təhsil-tədris, həm də təlim-tərbiyəsində ciddi problemlər yaradır. Bu baxımdan ölkəmizdə məzunu olduğum  Türkiyə Dəyanət Vəqfi liseyi nümunəsində az sayda da olsa əsl məktəb standartlarına cavab verən təhsil müəssisələrinin olması çox sevindiricidir.  Ali təhsil müəssisələrində də ümumən vəziyyət son illərdə inkişaf etsə də, bənzər fundamental problemlər hələ də çözülməyib. Ümid edirəm ki, dövlətimiz bu istiqamətdə yaxın gələcəkdə effektiv tədbirlər görəcək.

-Fərid, maraqlıdır, ailənizdə təhsil uğurlarları qazanan başqa biriləri var?

-Ailə üzvlərimin və qohumlarımın içərisində incəsənət, təhsil və iş həyatında müxtəlif uğurlar qazanan şəxslər var.

-Yaddaşında iz qoyan hansı cümləni bizimlə bölüşmək istərdin?

-Ən çox sevdiyim və sıxıntılı vaxtlarda məni ruhlandıran fikirlərdən biri AlparslanTürkeşin“İdealler yıldızlar gibidir. Onlara belki ulaşamazsınız ama bakarak yönünüzü tayin edebilirsiniz” fikridir.

Bəs, son olaraq AzEdu.az-a sözün ?

-Təhsillə bağlı ən son xəbərləri, ölkəmizin fədakar müəllim və xaricdə oxuyan uğurlu gənclər barədə məlumatları maraqlı formada çatdıran və davamlı izlədiyim təhsil portalı olaraq sizə gələcək fəaliyyətinizdə uğur arzu edirəm!

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...