“Paşinyan bu görüşə ürəklə yox, məcburən gedir” Eldar Namazovla müsahibə

Müsahibələr 17:15 29.03.2019

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Prezident İlham Əliyev bu gün Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. Bu görüşdən gözləntiləriniz nədir?

- Açığı, bu görüşdən hər hansı irəliləyiş gözləmirəm. Çünki Ermənistan hakimiyyəti hansısa ciddi kompromislərə hazır deyil. Bunu açıq nümayiş etdirir. Ermənistan bir neçə dəfə danışıqlar prosesini pozmağa cəhd edib. Ümumiyyətlə, bu görüşü müəyyən təzyiqin nəticəsi hesab edirəm. Həm Avropa Birliyi, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Paşinyana açıq şəkildə irad bildirildi. Onun heç bir məntiqə sığmayan yeni təşviqləri rədd olundu. Paşinyan bu təzyiqləri hiss edib görüşün keçirilməsinə razılıq verdi. Ermənistan hakimiyyəti Qarabağ probleminin sülh yolu ilə həll olunmasına hazır deyil. Onların indi belə niyyəti yoxdur, əksinə bəyanatlarını daha da sərtləşdirirlər və heç bir əsası olmayan şərtlər irəli sürürlər. Biz bunların hamısını görürük və bundan da nəticə çıxarmalıyıq. Diplomatiyamızı da, beynəlxalq mətbuatla işlərimizi də bir az korrektə edib yenidən qurmalıyıq. Hesab edirəm ki, erməni tərəfi ilə danışıqlar yolu ilə nəticə əldə etmək fikri artıq çox yersiz görünür. Biz təzyiqlərimizi artırmalı, ordu işlərini də gücləndirməli, diplomatik danışıqlarda da daha effektli təzyiq mexanizmlərindən istifadə etməliyik.

- Təklifləriniz nələrdir?

- Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmdsədrlərinin, həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatlarını izləsək, görərik ki, həmin bəyanatlarda daim beynəlxalq hüquq normalarının 3 əsas prinsipi qeyd olunur. Bunlar ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə və xalqların bərabərlik prinsipləridir. Adətən, biz daha çox ərazi bütövlüyü prinsipindən, ermənilərsə öz müqəddəratını təyinetmə prinsipindən danışır, ancaq üçüncü prinsip - xalqların bərabərlik prinsipi elə bil yaddan çıxıb. Bizim diplomatiyamız da demək olar ki, bu haqda danışmır. Ancaq konfliktə həmin prinsip prizmasından baxsaq, onu görürük ki, bərabərlik prinsipi hər an ermənilərin xeyrinə pozulur. Referendumdan danışırlar, bu, niyə təkcə Dağlıq Qarabağda yaşayan ermənilərə aid olmalıdır? Bəs Ermənistandan deportasiya olunmuş yüzminlərlə insan var, onların belə hüququ yoxdur? Onlar da doğma yurd-yuvalarına qayıdıb öz istədikləri kimi yaşayıb özlərini idarə etmək hüququna malik deyillər? Yaxud Ermənistan deyir ki, biz Azərbaycan torpaqlarını işğal etməmişik, burada Dağlıq Qarabağın erməni icmasının qarantıyıq, onlara qarant dururuq. Azərbaycan dövləti də Ermənistandan deportasiya olunmuş insanlara qarant durmalı deyil? Onda Azərbaycan da Zəngəzura, Göyçə mahalına öz qoşunlarını yeridib azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması və istədikləri kimi yaşamasına qarant durmalıdır. Yəni bərabərlik prinsipi onu tələb edir ki, hər iki xalqa eyni hüquqlar verilməlidir. Bizim diplomatiyamız onun üzərində qurulmalıdır ki, ya Ermənistan öz ordusunu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı, ya da Azərbaycanın Zəngəzura, Göyçə mahalına qoşunlarını yeridib deportasiya olunmuş insanların öz haqlarını təmin etməsinə qarant durmaq hüququ tanınmalıdır. Öz müqəddəratını təyinetmə prinsipindən danışanda onu nəzərə almaq lazımdır ki, həmsədr ölkənin heç birində - nə Rusiya, nə Fransa, nə də ABŞ-da bu hüquq tanınmır. Vaxtilə Texasın ayrılması, müstəqil dövlət qurması ilə bağlı referendum keçirilməsi üçün Ağ Evin saytında petisiya olub. Sonra həmin saytda hüquq xidmətinin rəyi çap olundu və bildirildi ki, ABŞ konstutiyası belə bir referendumu nəzərdə tutmur. ABŞ qanunvericiliyi heç bir ştata səsvermə yolu ilə öz dövlətini qurmaq hüququ vermir. Fransada da bu hüquq tanınmır, heç bir Fransa bölgəsi səsvermə yolu ilə ölkədən ayrıla bilməz. Rusiyada da bu, belədir. Rusiya konstituyasında, ümumiyyətlə, bu məsələrlə bağlı qəti qadağa, eyni zamanda cinayət məcəlləsində maddə var. Artıq 10-a yaxın adam bu maddə ilə həbs olunub. Həmsədr olan 3 ölkənin heç birində bu hüquq tanınmır, qadağan olunur və bu iddia ilə çıxış edənlər üçün cinayət məcəlləsində cəza nəzərdə tutulub. Bəs onda hansı haqla bu ölkələr Azərbaycana bunu təklif edirlər? Düşünürəm ki, Azərbaycan diplomatiyası öz işini daha sərt və ardıcıl formada yenidən qurmalıdır. Yalnız danışıqlar aparmaqla, görüşməklə biz hansısa nəticə əldə edə bilməyəcəyik.

- İcmalardan söz açdınız, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə gənc kadrın gəlməsi fonunda xalqların sülhə hazırlanması ilə bağlı bəyanatlar eşidirik. Sizcə, xalqlar sülhə hazırdırmı və bu proses öz nəticəsini verəcəkmi?

- Dəfərlərlə diplomatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu mövzu qaldırılır, amma bu günə qədər bu sahədə heç bir addım atılmayıb. Günah da cəmiyyətlərdə deyil. Xalqları sülhə hazırlamaq üçün əvvəlcə həmin sülhün nədən ibarət olduğunu ortaya qoymaq lazımdır. Torpaqları işğal altında olan insanlar abstrakt sülhə səs verməzlər. Hər kəs bir sənədin olmasını gözləyir. Onlara sual verilməlidir ki, bu sənəddə göstərilən 15-20 bəndlə razısanmı? Gözüyumulu heç kəs nə malı sata, nə də ala bilər. Əvvəl mala baxıb sonra qərar verə bilər də. Bizdəsə elə bil cəmiyyətə deyirlər, əvvəl “hə” de, bir-iki il sonra deyəcəyik sən nəyə “hə” demisən. Hansı xalq buna razı olar? Xalqları sülhə hazırlamaq istəyirlərsə, əvvəlcə sülh müqaviləsini çap eləsinlər. Onun nədən ibarət olduğu müəyyənləşməlidir. Xalq da deyəcək ki, 20 bənddən filan bəndləri qəbul edirəm, digərləri ilə bağlı narazılığım var, o narazılığı da aradan qaldırmaq üçün xalqlar işləsinlər, izahat versinlər və sair. O sənəd xalqa məlum olmadan gözüyumulu nəyə “hə” deyə bilərik?

- İki dövlət rəhbərinin görüşü ərəfəsində atəşkəsin pozulması nəyə hesablanıb?

- Son zamanlar Ermənistan tərəfi danışıqlar prosesinin pozulması üçün müxtəlif cəhdlər edir. Paşinyan bu görüşə ürəklə yox, məcburiyyət qarşısında gedir. Danışıqları pozmaq üçün əvvəl müəyyən şərtlər irəli sürdü, amma bu, alınmadı. Sərt xəbərdarlıq alandan sonra məcburiyyət qarşısında danışıqlara gedir, eyni zamanda belə təxribatçı addımlar atır ki, bəlkə danışıqlar baş tutmasın. Bunlar hamısı ayrı-ayrı sahələrdə təşkil edilən erməni təxribatının bir hissəsidir. Hansısa təxribatlar cəbhə bölgəsində, hansısa təxribatlar diplomatik sahədə törədilir.

- Əvvəllər Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər əsasən, rəsmi Moskvanın təşəbbüsü və daha çox Rusiya şəhərlərində baş tuturdu. Bəzi ekspertlər iddia edir ki, Rusiyanın moderatorluğu olmayan görüşlərdə ciddi nəticə əldə olunacağını gözləmək əbəsdir. Sizin qənaətiniz necədir?

- Həmsədr tez-tez bəyanat verirlər ki, Minsk qrupu çərçivəsində vahid mövqedən çıxış edirlər. Ancaq bu, açıq deyim, ən böyük yalanlardan biridir. ABŞ-la Rusiya arasında rəqabət bütün sahələrdə mövcuddur. Təbii ki, Qarabağ probleminin həlli istiqamətində də iki ölkə arasında rəqabət var. Rusiyanı bu prosesdə ən çox maraqlandıran məsələ sülhməramlı qüvvələrin tərkibi ilə bağlıdır. Onlar qəti olaraq Cənubi Qafqaza NATO ölkələrinin, yaxud NATO-ya yaxın ölkələrin qoşunlarının yeridilməsinin əleyhinədirlər. Buranı keçmiş Sovetlər Birliyinin ərazisi sayırlar. Ona görə də onların diplomatiyası yüz illərlə bu məsələdə məharətlə təcrübə yığıb. Ermənilərdən də istifadə edib bu məsələdə əngəl yaradırlar. Qarabağ problemində irəliləyiş olsa, istisna etmirəm ki, Rusiyanın maraqları burada təmin olunsa, irəliləyişlərə razılıq verə bilər. Ancaq o şərtlə ki, bu, Rusiyanın moderatorluğu altında olsun və sülməramlı qüvvələrin tərkibi Rusiya, yaxud ona yaxın ölkələrdən ibarət olsun. Uzun illərdir bu işlə məşğul olan diplomatlar arasında zarafatlar olur, hansısa ümidverici bəyanatlar olanda, danışıqlar uğurla gedəndəə və yaxınlarda nəticə əldə olunacağı deyiləndə, adətən, təcrübəli diplomatlar soruşurlar: sülhməramlı qüvvələrin tərkibi ilə bağlı razılıq var? Deyəndə ki, hələ yoxdur, bu, sonra olacaq, onda onlar deyirlər ki, yaxşı, başa düşdük, bundan da bir şey çıxmayacaq. Bəzi ölkələr buna qlobal, strateji məsələ kimi baxırlar. Prosesin irəli getməsində maraqlı olmurlar. Söhbətimizin əvvəlinə qayıdıram, diplomatiyamızı yenidən qurmalıyıq. Torpaqların azad olunması üçün diplomatiyamızla ordumuz birgə hərəkət eləməlidir. Dünyada ağıllı güc yanaşması var. Əvvəllər sərt güc – hard power yanaşması vardı, sonra keçən əsrin əvvəllərində yeni yanaşma – yumşaq güc (soft power) ortaya çıxdı. Bu yumşaq güc xeyli dəbdə oldu, hətta ondan istifadə edib bir güllə, bomba atmadan SSRİ-ni darmadağın etdilər, indisə XXI əsrin yanaşması hibrid müharibələr, ağıllı güc – smart power dövrüdür. Bu isə o deməkdir ki, strategiya müəyyələşir, strategiyanın tərkib hissəsi kimi bu gün ordu, sabah diplomatiya, o biri gün təbliğatdan istifadə edirsən. Bütün bu sahədə atılan addımlar bir-birini tamamlayır, daha da gücləndirir. Bizdə bu strategiyanı müəyyənləşdirib həyata keçirmək üçün lazımi qurumlar formalaşmayıb. Milli Təhlükəsizlik Şurasının aparatı daimi işləməli, məşvərət xarakteri daşıyan yox, müntəzəm fəaliyyət göstərən quruma çevrilməli, vaxtaşırı prezidentin yanında iclaslar keçirməlidir. Müdafiə və Xarici İşlər nazirlikləri daxil olmaqla əsas dövlət qurumlarının işi koordinasiya edilməli, Qarabağ məsələsində birgə siyasət formalaşdırılmalı və onun həyata keçirilməsinə nəzarət edilməlidir. Bunun üçün artıq zaman yetişib.

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı