Dedi, “ana mən getməyim, o getməsin, bəs kim getsin?!” Şəhid Fərhad Babayevin həyat hekayəsi

Müsahibələr 21:38 10.03.2021

Şəhid anası: “Heç olmasa qazi kimi qayıdaydı, ayağını itirəydi, nəfəsi üstündə olaydı”

Gecənin qaranlığı, yağışlı bir gün... İllər sonra sinif yoldaşlarım Aysel və Zamiqlə görüşə gedirdim. Amma kim olaraq gedirdim, özüm də qərar verə bilmirdim. Onları gözümün önündən getməyən körpə Fərhadın Şəhidlik məqamına yüksəldiyinə görə təsəllimi edəcəkdim, yoxsa xatirə qalsın deyə bir yazı üçün materialmı toplayacaqdım?... Bəs Səmayə anaya nə deyəcəkdim? Haradan başlayıb, harada bitirəcəkdim?... Ani olaraq duruxdum. Bu suallar qarşısında aciz durumda mənzilin binanın hansı girişində olduğunu müəyyən etməyə çalışarkən, Fərhad özü ünvanı “nişan verdi”, elə girişdəcə “qarşıladı” məni... Amma fotodakı donmuş gülüşü, sevgi dolu gözlərilə...

Dəhşətli hisslərdir. Bir ana ilə balasının şəhidliyi barədə danışmaq, onu ovundurmaq, ona təsəlli olmaq, hətta mümkünsüzdür... Elə otağa daxil olanda Səmayə ana Fərhadın divarboyu vurulmuş şəklilə üz-üzə oturmuşdu... O Fərhad ki, hələ general Polad Həşimovun dəfnindəki izdihamı görüb özünə şəhidlik arzulamışdı. O Fərhad ki, Vətən müharibəsində qəhrəmancasına döyüşüb, şəhidlik məqamına yüksəlmişdi.

Arayış: Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda doğulub. 1998-2010-cu illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Qazaxdakı “N” saylı hərbi hissədə xidmətdə olub. 5 nəfərlik ailənin ən kiçiyi 24 oktyabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Fərhad Məhərrəm oğlu Babayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Fərhad dağlanan sinəmi qürurlandırır...”

Evin böyük oğlu Zamiq deyir ki, Fərhad hərbi xidmətə yollananda heç 18 yaşı tamam deyilmiş:

“18 yaşını yanvarın 29-da, yolda tamamlamışdı. Qazaxda qulluq etmişdi. Əsgərlikdə xidmətdə olanda “rabitə”də olub. Ona görə də könüllü gedəndə də “rabitə”yə yazmışadılar.

Hərbi xidmətdən qayıdandan sonra bərbər işləməyə başladı. Sonra özəl şirkətdə atamla birlikdə həm də sürücü işləyirdi. Bizim həyətdə fiziki qüsurlu bir oğlan var. Onu hamı Fərhadın gəzdirdiyi oğlan kimi tanıyırdı. Hər gün işdən gələndən sonra onu əlil arabasında gəzdirirdi ki, qoy təmiz hava alsın. Ərinmirdi, nə qədər yorğun olsa da, onu mütləq gəzdirməyə gedirdi. Mən indi bilirəm ki, qardaşım necə oğlan olub. Onun haqqında elə şeylər danışırlar ki, sinəm onun yoxluğu ilə dağlansa da, qürurdan qabarır. Fərhadı öz əlimlə müharibəyə yola saldım, öz əlimlə də nəşini gətirdim. Çox ağırdır, bir qardaş kimi mənə çox ağırdır. Qəlpə qolundan girib, ürəyini, ciyərini dağıtmışdı. Amma bilirsiniz, üzündə qəribə bir təbəssüm vardı. Sanki ölümün üzünə gülüb, müharibədən əvvəl arzuladığı şəhadətə yüksəldiyi üçün xoşbəxt hiss edib özünü. Əslində şəhidlərin içində qardaşımı axtaranda hamısının üzünə təbəssüm gördüm. Elə bil gülə-gülə yatmışdılar, Şəhidliklə bərabər nur gəlmişdi üzlərinə”.

Yarımçıq qalan bir tikə çörək...

Bir övladı ən yaxşı ana tanıyar, yoxluğuna ən çox ana yanar deyirlər, elə Səmayə ana kimi:

“Mən onun hansı kimlikdə olduğunu bilirdim. Axı mən anayam, onu fikirlərindən, danışmayanda gözlərindən oxuyurdum. O qədər səliqəli idi, o qədər təmizkar idi. İşdən gələn kimi mütləq hamama girər, çimər, sonra gəlib çörək yeyərdi. Özü də yeməyi ancaq çəngəl-bıçaqla yeyirdi. Şəhid olanda da çörək üstə imiş. Tikəsi yarımçıq qalıb balamın...”.

Bacısı Aysel deyir hətta onun bu yemək vərdişinə zarafatla gülürmüşlər. Elə o anlardan danışanda da üzündə qeyri-ixtiyari təbəssüm yaranır bacının:

“Deyirdik, sən hardan gəlmisən. Bir çörəyini batır yeməyinə iştahla ye. Yox, aristokratlar kimi ancaq çəngəl-bıçaqla yeyirdi. Bir sözlə, o xasiyyətlərində bizdən deyildi. Baxmayaraq ki, ali təhsil almamışdı, amma onun xarakterində bir kübarlıq vardı”.

“Deyirdim atama nəsə olsa, arxamda Fərhad var”

Bir ana-bacı üçün ən ağrılı olanı, onsuzluqla barışmağı bacarmaqdır. Fərhadsızlıqla fəryad edən ana deyir “Balamı məndən yox, eldən soruşun, yoldaşlarından, dostlarından, qohum-əqrəbadan soruşun onun necə biri olduğunu desinlər. O necə övlad idi, necə qardaş idi. Bacısı əziyyət çəkən kimi o dəqiqə yanında olurdu”.

Şəhidin bacısı Aysel söhbətə qoşularaq, anasının dediklərini təsdiqləyir:

“Özüm müəlliməyəm. Yayda 3 aylıq maaşımı alırdım, bir də ayılırdım ki, pulum qurtarıb. Fərhad hər maaş alanda mümkün deyildi ki, bazarlıq edib bizə, uşaqlarımın yanına gəlməsin. Pandemiyadan sonra sentyabrda işə getdim üstümdə cəmi 3-5 manat pulum vardı. İş yerim anamgilə yaxın olduğu üçün nahar fasiləsində bura gəlirəm. Həmin vaxt Fərhad da nahar edirdi. Soruşdu ki, bacı,pulun var? Dedim hə, var, niyə yoxdur. Nəsə nahar etdim getdim işə. İşdə çantamı açanda gördüm pulqabımda 50 manat.  Bilirəm axı üstümdə cəmi 3-5 manat pulum var. O dəqiqə bildim ki, Fərhadın işidir. Zəng elədim ki, Fərhad pulu sən qoymusan, danışmağıma imkan vermədi. Dedi işinlə məşğul ol. Mən həmişə deyirdim ki, Allah eləməsin atama nəsə olsa, arxamda Fərhad var. Hamımızdan kiçik olmasına baxmayaraq, ata qayğısı vardı onda. Zamiqin ailəsi, uşaqları, mənim, hamının özünün problemləri olur. Fərhad subay idi, ata deyildi, amma atam qədər qayğıkeş idi. Qardaş həqiqətən bacıya dayaqdır. Gedişilə elə bir boşluq buraxıb arxasında, onu heç kim doldura bilməz. Onunla etdiyimiz söhbətlər, zarafatlar, birgə getdiyimiz yerlər... Çox çətindir onsuz. Allah heç bir bacıya qardaş dağı çəkdirməsin”.

“Polad Həşimovun ölümü ilə şəhidlik əlçatmaz görünürdü ona”

Fərhadın şəhidlik zirvəsinə ucalmasından 4 ay keçməsinə baxmayaraq, Səmayə xanımın övlad yarası hələ də qanayır, hələ də kimsə ovundura bilmir onu:

“Heç olmasa deyirəm qazi kimi qayıdaydı, ayağını itirəydi, nəfəsi üstündə olaydı. Anayam, özümə təskinlik verirəm, amma hər dəfə  uşağımın dəfni yadıma düşəndə ölürəm. Hər şənbə onu ziyaərətə gedirik, sadəcə dözə bilmirəm. Biri var valideyn itkisi, qohum itkisi, bir də var bala itkisi, bu sadəcə dözülməzdir. Fərhadla eyni vaxtda xəstə qardaşımı da itirdim. Qardaşım insult olmuşdu. Fərhadın şəhid xəbəri gələndə qardaşımla Aysel danışdı mənim səsimlə. Heç ona bildirmədik. Qızım, qardaşı şəhid ola-ola dayısına onun sağ-salamat olduğunu bildirdi. Qardaşım da onunla nəfəs alırdı. Amma buna rəğmən onu da itirdik. Sanki hər şey üst-üstə gəldi.

Fərhadın rayonda dəfn olunmasını atası istədi. Onsuz biz də gedəcəyik onun yanına. Xiyabanda dəfn olunsaydı, bu mümkünsüz olacaqdı. Ona görə qərar verdik ki, rayonda dəfn olunsun. Sonra biz də ondan ayrı düşməyək. Fərhadın dəfni vaxtı rayonlara gediş-gəliş qadağan, yollar bağlı idi, amma sağ olsunlar bizə şərait yaratdılar”.

Zamiq deyir ki, Fərhad ölümü ilə bütün bağlı yolları açdı: “İnanın sağlığında döydüyü açılmayan qapılar da açılır indi, hər yerdə yaşıl işıqdır. Amma Fərhad yoxdur, yoldaşlıq etmir bu yolda bizə”.

Ana sözlərinə davam edir: “Fərhad şəhid olana qədər mən bilmirdim ki, o orduya könüllü yazılıb. Elə bilirdim hərbi komissarlıq çağırıb. Fərhad general Polad Həşimov şəhid olanda yoldaşları ilə birgə onun dəfn mərasiminə getmişdi. Evə gləndə dedi, “ana, şəhid olmaq nə gözəl şey imiş”. Dəfndəki izdiham ona əlçatmaz duyğular vermişdi, o sözü o qədər ürəkdən dedi ki... Ondan sonra da “WhatSapp”da status yazmışdı: “İnşallah şəhidlik bizə də qismət olar”. İnsan nəyi içdən arzulayırsa, ona da nail olur. Fərhadım kimi...

Fərhad bərbər-stilist idi, həm də atasına kömək edirdi, atası sürücüdür. O qədər arzuları vardı. Müharibədə zəng edirdi ki, ana, xalalar necədir? Deyirdim, xalalar səni gözləyir, qayıt, əl-ayağını bağlayaq. Deyirdi, hə, evləndirmək üçün, İnşallah, İnşallah. Sevdiyi vardı. Deyirdi, Zamiq burdan köçsün, evləri təmir edək, toya hazırlaşaq. Amma qismət olmadı, nə elçilik, nə nişan, nə toy. Balamın aruzları yarımçıq qaldı ömrü kimi. Özü üçün heç nə eləmədi, qazandığını, ancaq ailə, bacı-qardaşı üçün xərclədi. Şəhid olanda da gülə-gülə şəhid olub. Fərhad gedəli 3 gün idi, yuxumu qarışdırmışdım, sonra güzgü sındı. Elə bil adi bir şey belə məni titrədirdi, ürəyim elə əsirdi. Heç bir ana istəməz ki, balası odun-alovun içinə getsin, ömrü yarımçıq qalsın. Düzdür, şəhidlik elə bir zirvədir ki, hər oğula da qismət olmur. Gedəndə çox yalvardım ki, bala, bəlkə getməyəsən. Dedi, “ana mən getməyim, o getməsin, bəs kim getsin?!”. Bacısına dedi ki, bu gün mən getməsəm, sabah sənin oğlanların gedəcək, bacı. Eləcə də getdi. Həmin vaxt elə bilirdim ki, Fərhada çağırış hərbi komissarlıqdan gəlib. Amma bilsəydim könüllüdür, bəlkə də yola gətirərdim (ağlayır), axı mən anayam, balasız çox darıxıram, özümə yer tapa bilmirəm. Telefonlarını, saatını çıxarıb televizorun yanında qoyub getmişdi. Bizə zəng edəndə də yoldaşlarının telefonundan zəng edirdi. Hər gün əlaqə saxlayırdı, ya da əvvəldən xəbər edirdi ki, ana, 1 həftə olmayacam. Şəhid olan günü- oktyabrın 24-də saatı da dayanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlıda döyüşüb. Şəhid xəbəri də Qubadlıdan gəldi. Sonradan Füzuliyə aparıblar. Təsadüfən qonşu uşaqlar yardım aparanda deyiblər Günəşli uşağı şəhid olub. Sonra qardaşı getdi nəşini gətirməyə. Doymadım balamdan, hər dəqiqə darıxıram onunçün. Səhər qəbrüstündən gəlmişik. Onsuzluğa öyrəşməliyəm deyirlər, amma öyrəşə bilmirəm, alınmır. Heç cür vərdiş edə bilmirəm”.

“Sevdiyi vardı, arzuları vardı balamın”

Səmayə ana heç bir anaya övlad itkisi arzulamadığını deyir:

“Heç bir valideyn çiynində balasını daşımasın, ata-analar övlad  çiynində getsin. Çox ağırdır. Bu uşaqlar Qarabağ görməmişdilər. Sadəcə hər şey tərbiyədən, vətənə sevgidən irəli gəlir. İcra Hakimiyyətinin rəsmiləri, deputatlar, generallar gəlmişdi, hamısı “Vətən sağ olsun!” deyirdi. Amma bir ana üçün balasının ölümünün, onun qoxusunu bir daha almamağın təsəllisi yoxdur. Axı  balamın sevdiyi vardı, Nigarı vardı. Ad günümdə yanıma gəlmişdi. Mən hamıya, bütün qohumlara qadağa qoymuşam gəlmək nədir, telefonla zəng edib təbrik etmələrini belə. Şəhid anasına ad günü qeyd etmək yaraşarmı?! Amma Nigarı qıra bilmərəm, onsuz da qəlbiqırıqdır.

30 yanvarda Fərhadımın 29 yaşı tamam oldu. Onun üçün ad günü keçirdim, bütün dostları gəlmişdi. Kimlər yox idi onun üçün qapımızı döyməyən... Bircə o dostlarında, Fərhadı xoş əməlilə xatırlayan yoldaşlarının sözlərində təsəlli tapıram. Amma heç kəs heç kəsin yerini verə bilmir. Burnumun ucu göynəyir Fərhad üçün, çox darıxıram, sadəcə balamdan doymadım, doya bilmədim”.

 “Cəbrayıl azaddır, Nigar”

Musiqi müəlliməsi olan Səmayə xanım, 2 həftədir məcburiyyət qarşısında işə çıxdığını deyir:

“36 saylı musiqi məktəbində rus bölməsinə dərs deyirəm. Bizim bölmədə bir az müəllim çatışmazlığı var, ona görə heç çıxa da bilmirəm işdən. Gedirəm dərsə, dərs keçdiyim yerdə özümdən gedirəm. Uşaq gözləyir mən özümə gəlim, sonra dərsə davam edirik. Talehimə belə yazılıbmış, neyləmək olar”. Hönkürtü ilə başının üstündəki şəkilləri göstərib deyir:

“Sevdiyi qız Nigar Cəbrayıldandır, 24 yaşı var. Cəbrayıl alınanda Fərhad zəng edib ki, vətənini azad etmişik”. O qızı məcburən bizə çağırdım. Bizimlə qonşu binada yaşayır. Bilirdim ki, ürəyi yanır, ürəyi burdadır. Ona görə çağırdım. Dedim, Nigar sən mənim qızımsan. Allah qoysa, ailə də quracaqsan, xoşbəxt də olacaqsan, amma mənim qızım olaraq qalacaqsan. Onu görəndə elə bilirəm Fərhadı görürəm. Fərhaddan bir nişanə bilirəm onu. Fərhad onu çox istəyirdi. onun ürəyində bircə Nigar vardı. 5 il idi bir-birilərini sevirdilər. Hər dəfə elçi getmək istəyəndə nəsə olurdu. Axırıncı dəfə pandemiya düşdü, sonra da müharibə onu aldı apardı bizdən”.

Qardaşı Zamiq Fərhadın şəhid olduğu günlə bağlı danışır:

“Olduqları postu təhvil veriblər. Qubadlı yaxınlığında çörək yeməyə oturublar. Həmin vaxt üzərlərindən dron uçub. 5 nəfər olublar. İki nəfər ayaq üstə, üçü oturubmuş. Ayaq üstə olanlar ağır yaralanıb, oturanların üçü də Orxan, Mürsəl, Fərhad şəhid olublar. Yaralılar deyir özlərində də səhlənkarlıq olub, o qədər inamlı imişlər ki, düşmən onları görməz deyə düşünüblər. Həm də deyirlər ki, o qədər gizli yollarla gedirmişlər ki, insan görə bilməzmiş, ancaq dronla vurmaq mümkün imiş. Düşmən də bundan istifadə edib”.

“Gəlin gülü atanda Fərhad tutdu, amma toy qismət olmadı”

Anasının sözlərinə görə, bayramlar olanda bir başqa sevinərmiş şəhidimiz:

“Fərhadın həyat eşqi o qədər çox idi. Bayramları çox sevirdi. Deyirdi Yeni ili belə keçirək, yolka bəzəmək ən gözəl məşğuliyyəti idi, Novruzu belə qeyd edək. Paxlavaları necə kəsdiyimə qədər diqqət edirdi, o qədər səliqə sevən idi. İstəyirdi hər şeydən zövq alsın. Saçım uzanan, ağaran kimi danışırdı. Saç rəngimi də özü seçirdi. Deyirdi anam gözəl görünsün.

Hər şeyi qiymətləndirməyi bacarırdı. Elə bil Fərhadı son vaxtlar kəşf etməyə başlamışam. Aysellə, Zamiq evə gələndə onlara Fərhadı misal çəkirəm. Bayaq gəliblər, deyirəm bax Fərhad olsa iş paltarı ilə gəlib bu divanda oturmazdı. Evə girən kimi əl-üzünü yuyar, paltarını dəyişərdi. İndi hər şeyi Fərhadla müqayisə edirəm. Onlar da mənim balamdırlar, Allaha dua edirəm ki, bir balamı aparmısan, bunlara dəymə. Öz balalarının xeyrini görsünlər.

O qədər tərbiyəli idi, o yerdə ki, bir balaca söyüş oldu, ora getməzdi. O adamı dərhal silrədi, ünsiyyəti kəsərdi. Şit zarafatı sevməzdi, özünü-sözünü bilən idi. Balam ali təhsil almasa da, ali təhsillilərlə oturub-dururdu, bilmirəm Fərhad onları tapırdı, yoxsa onlar Fərhadı tapırdı. Bizə gəlib-gedən dostlarının hamısı iş adamı, vəzifədə olanlardır. Baxıram balamın dostlarına fərəhlənirəm, amma bircə Fərhad yoxdur. Məni ən çox yandıran subay olmağıdır.  Balam sevirdi, ailə qurmaq istəyirdi. Elə hey deyirdi, ana, hansı otağı verəcəksən mənə? Deyirdi mebelləri alanda özüm də gedəcəm. Arzusu idi ki, hər şey yüksək səviyyədə olsun. Sonuncu dəfə qardaşım qızının toyu oldu pademiyadan əvvəlki il dekabrın 29-da. Gəlin gülü atanda Fərhad tutdu. Elə sevindik, özü də bizlə bərabər. İndi o epizod mənə o qədər təsir edir, o qədər yandırır. O güllə bərabər nə qədər xəyal qurmuşduq. Elə gözəl rəqs edirdi balam. Arzum idi öz toyunda da elə əl qaldırıb oynasın, istəyirdim bu divarı onun toy şəkilləri bəzəsin, şəhidlik şəkilləri yox. Amma olmadı, şəhidliyi üstün tutdu balam. Bütün anaların, ataların istəyi odur ki, balasını oxutsun, xeyir işini görsün. Qismət. Məktəbdə əla oxumamışdı. Amma həqiqətən tarix bilməyənlər tarix yazdı, ədəbiyyat bilməyənlər dastana döndü. Şirin balam, gözəl balam. O gözəlliyini torpağa qərq elədi. Axırıncı sözü də Nigara olub, zəng edib ki, mən səni sevirəm. Qismət olmadı. İstəyirdim burda onun uşaqları qaçaydı. Düzdür şəhidlik yüksək zirvədir, cənnətlikdir yerləri. Amma yanıram ki, yanımda yoxdur”.

“Onun sevdiyi heç nəyə əl vura bilmirəm”

Səmayə ana 4 aydır hər gün Fərhadı işə yola saldığı vaxtda yuxudan oyanır:

“4 aydır mən hər səhər altının yarısı dururam, Fərhadı işə getməsi üçün oyatdığım vaxtda. Hər səhər ürəyim əsir. Hər gün səhər atası ilə birlikdə səhər yeməyi yeyib çıxırdılar. İndi gözyaşıyla oyanıram hər səhər. Artıq dözə bilmirəm, getdikcə səhhətim də pisləşir, təzyiq, ürək hamısı bir-birinə qarışıb. Bir də gecə yerimə girəndə doyunca ağlayıram. Uşaqların yanında özümü bacardıqca salxayıram ki, pis olmasınlar.

Səhərlər ancaq şirniyyatla çay içərdi, yağ-pendir onluq deyildi. İndi onun sevdiyi şeyləri mən yemirəm. Naringini yemirəm, ekler pirojnasını sevirdi əlimi də vurmuram, paxlavanın da dadını Fərhad gedəndən unutmuşam. Onsuz heç biri keçməz boğazımdan.

2001-ci ildə 9 yaşında Fərhad qardaşının əlindən qaçmışdı yola, maşın vurmuşdu həyətdə. Vuran adam da maşına qoyub xəstəxanaya aparmışdı. Həmin gün Ayselin konserti vardı. Biz də əlimizdə gül-çiçəklə gəlirdik evə. Uşaqlardan soruşdum nə olub? Dedilər Fərhadı maşın vurub. Dedim ölüb? Uşaq dedi bilmirəm, bəlkə də. Mən bir də o bəlkə ilə ölmüşdüm. Soraqlaya-soraqlaya Sabunçu xəstəxanasında tapmışdıq. Hətta qaşında o qəzanın izi də qalmışdı. Fərhaddan günlərlə danışsam bitməz ki... Danışdıqca hər xatirəsi canlanır gözümdə. Şəkil çəkdirməyi çox xoşlayırdı. “Bu şəhərdə”nin konseritnə getmişdik. Dedi, ana, “gəl selfi eliyək”. Dedim, ey sən də hara gedirsən, o dəqiqə şəkil çəkdirirsən (qəhərdən boğulur).

Demişdim daha müsahibə verməyəcəm Fərhadla bağlı. Amma bu gün ürəyimi açdım sizə. Artıq dözə bilmirəm, çox darıxıram qoxusu üçün, gülü üzü üçün çox darıxıram. İndi gödəkcəsini iyləyirəm, maşında yarımçıq konfeti qalıb, onu saxlayıram. Birdən elə bilirəm hardansa azan avazlı səsi gəlir: “Ana, necəsən. Ana halallıq ver”. Az qalıram havalanım, hər şey sənin kimi övlada halal olsun, mənim balam”.

Fərhadlı xatirələri dilləndirdikcə, şəhidin divarboyu vurulan şəklilə üz-üzə oturub dərdləşirdi ana:

“Yaxşı səsi vardı. Yarışmalar olanda deyirdim bəlkə sən də gedəsən. Deyirdi, “ay ana, ora mütrüflərin yeridir”. Çox sevirdi “Qaragilə” mahnısını. Oxuduğu mahnını mən də qəbri üstə oxudum: “Gəlmişəm otağına, qaragilə oyadam səni...” Amma nə qədər harayladımsa, oyanmadı balam..”.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Hamısı