Deyirdilər ki, qız nədi, idman nədi, amma indi himnimizlə erməniləri ayağa qaldırmağa çalışıram MÜSAHİBƏ

Müsahibələr 16:51 16.07.2021

Onunla müsahibəni çoxdan danışmışdıq. Amma təyin etdiyimiz vaxtın imkanlarla üst-üstə düşməməsi müsahibənin vaxtını daima dəyişməyimizə gətirib çıxarırdı. Gündə iki dəfə bir neçə saatlıq məşq hər dəfə mane olurdu. Üstəgəl, ayaq əzələsindəki problemlə bağlı son zamanlar ortaya çıxmış gündəlik bir neçə saatlıq reabilitasiya kursu da digər tərəfdən problemə çevrilmişdi. Amma bütün çətinliklərə baxmayaraq, Olimpiadaya yola düşməmişdən öncə vaxt tapıb müsahibə üçün redaksiyaya gəldi. Söhbət, tanınmış taekvondoçumuz Fəridə Əzizovadan gedir.

Fəridə Əzizova gənclər arasında Dünya və Avropa çempionu, Avropa Oyunları, İslam Oyunları, böyüklər arasında Dünya və Avropa çempionatlarının mükafatçısıdır. O, iki dəfə - 2012-ci il London və 2016-cı il Rio de Janeyro Olimpiadalarında iştirak edib. İyulun 23-dən avqustun 8-dək Tokioda keçiriləcək Olimpiya Oyunları isə karyerasında üçüncü olacaq. Maraqlıdır ki, bizə müsahibə verdiyi gün daha bir xoş xəbər də aldı – o, millimizin qadın bayraqdarı seçilmişdi.

Eurasia Diary Olimpiya Oyunları ərəfəsində Fəridə Əzizovadan müsahibə götürüb.

- Xoş gəlmisiniz, Fəridə xanım. Bura gəlməzdən öncə məşqdən çıxıb Reabilitasiya Mərkəzinə getmişdiniz, oradan yenidən məşqə qayıtmısınız. Bu sizi yormur ki?

- Əslində, çətin görünə bilər. Amma bir məsələ var ki, bu artıq mənim gündəlik həyat tərzimə çevrilib. Yəni, artıq 20 ildir ki, bu rejimlə məşq edirəm.

- Taekvando döyüş idman növüdür və Azərbaycanda xanımlar adətən bu idman növünə az maraq göstərir. Necə oldu ki, bu idman növünə yazıldınız?

- Uşaq olarkən hiperaktiv idim, eyni zamanda səhhətimdə qan dövranıyla bağlı problemlər vardı. Həkim reabilitasiya olaraq, altı aylıq kurs müalicə kimi ayaqların daha aktiv olduğu idman növünü məsləhət gördü. Həmin vaxt doğulduğum Qusar rayonuna idman növü olaraq taekvando yeni gəlmişdi. Valideynlərimdən xahiş etdim ki, məni həmin idman növünə qoysunlar. Altı aydan sonra artıq idmandan çıxmaq vaxtı gələndə mən ərköyünlük etdim. Valideynlərimdən xahiş etdim ki, məni orada saxlasınlar. Çünki o altı ay ərzində taekvandonun fəlsəfəsi, taekvando idman növü mənim üçün o qədər əziz olmuşdu ki, artıq o idman növündən çıxmaq istəmədim.

- Döyüş idman növləri çoxdur əslində. Niyə məhz taekvando? Taekvandonun fəlsəfəsindən də danışdınız. Taekvandonun fəlsəfəsi nədən ibarətdir?

- İlk növbədə onu deyim ki, taekvando nəzakətdən başlayır və nəzakətlə bitir. Taekvandoda biz tatamiyə çıxanda hakim “salam” komandası verir. Rəqibinə baş əyirsən və salamlaşırsan, eyni zamanda onun müəllimi ilə salamlaşırsan. Bütün bu jestlər insanı çox nəzakətli edir, böyüklərə olan hörmət hissini artırır. Bu məndə çox xoş təsir bağışladı və bu idman növünü demək olar ki, ona görə seçmişəm. Eyni zamanda, təbii ki, aktiv, dalaşqan olduğum üçün bu idmanı seçdim.

- Adətən daxili və ya fiziki gücdən hansının daha vacib olduğu müzakirə olunur. Sizcə hansı daha önəmlidir?

- Məncə ilk növbədə daxili güc önəmlidir. Çünki idmanda fiziki gücdən çox idmançıları sınayan insanın daxili gücüdür. Ən çox da tək mübarizəli idman növlərində çəki salmaqlar, zədələr, əziklər zamanı və yaxud elə məşq prosesində bu özünü göstərir. Bildiyiniz kimi, milli komandanın üzvüyəm və eyni zamanda kapitanam. Milli komandada yüngül məşqlər olmur. Məşqlər çox yüksək səviyyədə keçilir və çox çətin olur. Hər gün iki-üç dəfə dayanmadan bu məşqlərə dözmək üçün ilk növbədə idmançıya daxili iradə lazımdır, daha sonra isə fiziki güc. Eyni zamanda, fiziki gücü sonradan yığmaq mümkündür, ancaq daxili iradəni, gücü yığmaq çətindir.

- İlk idman qələbəniz haqda danışardınız.

- Yəqin beynəlxalq qələbədən danışırsız. İlk qatıldığım beynəlxalq yarış yeniyetmələr arasında Avropa Çempionatı olub. Yarış Budapeştdə keçirilirdi. Yeniyetmələr arasında Avropa üçüncüsü oldum. İlk medalım odur. Demək olar ki, mənim üçün çox yaddaqalan oldu. Çünki bizim başqa idmançılarımız, oğlan komanda yoldaşlarımdan 6 nəfər qızıl medal qazandı, mən isə bürünc medal qazandığım üçün çox pis olmuşdum. Günlərlə ağlayırdım. Bizim vitse-prezidentimizin köməkçiləri deyirdilər ki, “niyə ağlayırsan, ən azından birinci yarışındı və medal qazanmısan”, deyirdim yox, mən söz vermişdim qızıl medal qazanacam və qazana bilməmişəm. Buna görə o yarış çox yadımda qalıb.

- Bu günə kimi qarşılaşdığınız ən güclü rəqibiniz kim olub?

- Əslində bütün rəqiblər güclüdür. Deyə bilmərəm ki, qarşılaşdığım rəqiblər arasında gücsüz rəqib var idi. Xüsusilə də beynəlxalq yarışlara qatılırsızsa, artıq bu yarışlara hazır olmuş, ən azından milli komandanın üzvləri olan başqa ölkələrdən idmançılar olur. Hər hansı bir rəqib rahatdır və ya çətindir deyərək onları kateqoriyalara ayırmıram. Bütün rəqiblərə eyni cür baxıram. Bütün rəqiblər çətindir. Misal üçün hər hansı bir rəqib barədə fikirləşsən ki, mən onsuz da buna qalib gələcəyəm, sən rahatlaşırsan və o səni udur, qalırsan belə ki, mən bundan əvvəl onu udmuşdum axı.   

- Kumiriniz varmı?

- Əslində kumirim yoxdur. Mən bu suala həmişə belə cavab verirəm ki, kumir olanda idmançı həmişə özünü kiməsə bənzədir, özünə çərçivələr qoyur ki, mən kiməsə oxşamalıyam. Mən özümü tanıyandan, formalaşdığımdan bəri daha çox özüm olmağa çalışmışam. Fəridə kim olmalıdır, kiminsə kumiri olmalı deyil. Mən çalışmışam ki, kiminsə kumiri olum, özümü çərçivəyə salmayım.

- Azərbaycanda qadın idmançı olmaq çətin deyilmi? Hansı çətinliklərlə qarşılaşmısınız?

- Mən idmana rayonda başladığım üçün deyə bilərəm ki, rayondakı qadınlara idmana başlamaq çox çətindir. Düzdür, son zamanlar vəziyyət düzəlib. Bundan əvvəl belə bir şey vardı ki, “qız nədi, idman nədi”. Dediyim kimi mən əvvəl idmana reabilitasiya olaraq başlamışam. Valideynlərimə deyəndə ki, idmanda qalmaq istəyirəm onlara qohumlar tərəfindən mənəvi təzyiq başladı. Deyirdilər ki, qız uşağıdır, böyüyəcək ailə quracaq, qız nədi, idman nədi, çıxardın, əsas odu sağaldı, idmanla məşğul olmasın flan. Buna baxmayaraq, mən yenə də öz istəyimin üstündə durdum. Şükür Allaha ki, bu günlərə çatmışam. Həmin vaxtlar valideynlərimə təzyiq göstərən qohumlarıma indi deyirəm ki, baxın hal-hazırda mən bu qədər nəticələr vermişəm. Şükür Allaha artıq öz yolum, sevdiyim karyeram var və o vaxt valideynlərim sizə qulaq assaydı mən hazırda maksimum universiteti bitirmiş, hansısa bir işdə işləmiş Fəridə olacaqdım. Amma hazırda Fəridə Əzizovayam, bacardığım qədər dövlətimin bayrağını ucaltmağa və lazım gələndə erməniləri bizim himnlə ayağa qaldırmağa çalışıram.

- İdmançı karyeranızda əldə etmək istədiyiniz, lakin hələ də əldə edə bilmədiyiniz nəaliyyət haqqında danışardınız.

- Bildiyimiz kimi, bütün idmançılar üçün ən pik nöqtə, qazanmaq istədiyi medal Olimpiya medalıdır. Təəssüflər olsun ki, iki dəfə Olimpiya oyunlarında iştirak etməyimə baxmayaraq, hər ikisində medalsız qalmışam. Bu, iştirak edəcəyim artıq üçüncü Olimpiya oyunlarıdır. Şükür Allaha, həm təcrübə qazanmışam, həm də artıq bu medal üçün yetişmişəm. İnşallah ki, bu yarışda mən o medalı qazanacam. Bundan sonra deyəndə ki, qazanmaq istədiyiniz və qazanmadığınız medal varmı, mən deyəcəm xeyr, ən çox istədiyim medal Olimpiya medalı idi, İnşallah ki, onu da qazanacam.

- Qeyd etdiyiniz kimi, bu artıq sizin üçüncü Olimpiadanız olacaq. Olimpiada ərəfəsində özünüzü necə hiss edirsiniz?

- Əslində, Olimpiada ərəfəsində özümü çox yaxşı hiss edirdim. Milli komandada məşqlər onsuz da çox yüksək səviyyədə keçir və Olimpiada ərəfəsində bu məşqlər daha da gərginləşir. Təəssüflər olsun ki, yarışlara üç həftə qalmış gərgin məşqlər zamanı ayağımın əzələsini yırtdım və hal-hazırda da reabilitasiya oluram. Əvvəlki kimi məşq edə bilmirər, amma Allahın köməkliyi ilə çalışacam zədəni sağaldım və Olimpiadada Azərbaycanı layiqincə təmsil edim.

- Yarışlarda özünüz üçün ən ciddi rəqib kimi görürsüz?

- Olimpiadaya 16 rəqib qatılır. Taekvandoda elədir ki, bir çəki dərəcəsində 16 idmançı lisenziya qazana bilər, yəni ondan çox qazanmaq olmur. Bu 16 rəqibin hamısı güclülərdir. Yəni ora dünyanın ən seçilmiş rəqibləri gəlir. Onların arasında güclü və yaxud gücsüzü yoxdur. Bundan əvvəl də qeyd etdiyim kimi, mən heç bir rəqibimə gücsüz kimi baxmıram. Bütün döyüşlərimə çıxarkən bunu final döyüşü kimi özümdə canlandıracam. Özümü elə hazırlayacam ki, qızıl medal üçün ilk medaldan axırıncı medala kimi necə döyüşürsənsə elə döyüşmək lazımdır. Oradakı rəqiblər dediyim kimi çox güclüdür və ani bir səhv məğlubiyyətə gətirib çıxara bilər.

- İdmançılar artıq son hazırlıq mərhələsini keçirirlər. Yekun hazırlığı necə və harada keçirməyi düşünürsünüz?

- Biz hal-hazırda Federasiyamızda məşq edirik. Həm təlim məşqlərimizi keçirik, həm də orada qalırıq. Düşünürəm ki, Allahın köməkliyi ilə artıq məşqlərimizi də orada tamamlayacayı və oradan da inşaallah Tokioya yola düşəcəyik.

- Lisenziya görüşləri arasında sizin üçün ən çətini hansı oldu?

- Lisenziya turnirinə qatılmazdan öncə hansı rəqiblərlə üzləşəcəyimizi təxminən bilirdik. Medal döyüşü, yarımfinala çıxış olan ukraynalı rəqiblə döyüş çətin gəldi. Çünki artıq lisenziyanı təmin etmək üçün döyüşürdüm. İlk iki döyüş o qədər də vacib deyildi. Sırf üçüncü döyüşüm ukraynalı rəqibim Tatyana Tsivetnikova ilə döyüşürdüm. Rəqibimi çox yaxşı tanıyırdım, dəfələrlə onunla görüşmüşdüm. İlk raundda 1:0 hesabı ilə Ukraynalı rəqibim məndən öndə idi. Son raundun bitməsinə iki-üç saniyə qalmış rəqibin başına fırlanma zərbəsi endirdim və önə keçdim. Bununla da özüm üçün lisenziyanı təmin etdim. Daha sonrakı xalı isə özüm qazandım.

- Məlumdur ki, yarışlara psixoloji cəhətdən də hazırlaşmaq lazımdır. İndiki pandemiya şəraitində Olimpiadaya psixoloji cəhətdən necə hazırlaşırsınız?

- Pandemiya dünyanın hər tərəfində var. Bütün idmançılar mənim kimi eyni çətinliklərlə rastlaşırlar. Özümü psixoloji cəhətdən hazırlayarkən deyirəm ki, mən əvvəldən məşq eləməyə başlayanda şəraitimiz yaxşı olmayıb, amma mən bu səviyyəyə gəlib çata bilmişəm. Bundan sonra da pandemiya dövründə olan hər hansı sıxıntılar bizim üçün maneə ola bilməz. İnşallah ki, Olimpiadada daha yaxşı nəticə verərik.

- Bildiyim qədər vaksin olunmusuz. Özünüzü vaksindən sonra necə hiss edirsiniz?

- Deyirdilər ki, vaksindən sonra hər hansı fəsad ola bilər. İnsanları qorxudurdular ki, çətinliklər ola bilər və yaxud həmin xəstəliyi özünüzə keçirmiş olarsız. Mən artıq 3 gün əvvəl ikinci vaksinimi vurdurdum. Özümdə heç bir problem görmədim. Həqiqətən də reklam üçün demirəm, istəyərdim ki, insanlar öz sağlamlıqları üçün vaksin vurdursunlar və özləri də rahat olsunlar. Bu xəstəliyi keçirməmiş insanlar onu keçirməsinlər.

- Yarışlardan özünüz üçün hansı nəticəni gözləyirsiniz? Hər hansı bir proqnozunuz varmı?

- Əslində, əvvəlcədən hər hansı proqnoz verməyi xoşlamıram. Bu mənim üçün düşərli olmur. Təvəkkül Allahadır. Mən əlimdən gələni edirəm ki, yarışda qızıl medalı qazanım. Qızıl medalı özüm üçün hədəf qoymuşam. İnşallah qızıl medal olar, olmasa da ya gümüş, ya da bürünc medal olar. Əsas oradan medalla qayıtmaqdır. Mən buna inanıram və bunun üçün əlimdən gələni edəcəm.

- İdmançı olmasaydınız, hansı peşəni seçəcəkdiniz?

- Mən idmandan sonra dövlət qulluğunda işləmək istərdim. Eyni zamanda rəsm çəkməyi də xoşlayıram və boş vaxtlarımda rəsm çəkirəm. Gərginlik olanda və ya özümü pis hiss edəndə, yaxud da çəki salanda vaxt keçmək bilməyəndə özümü onunla sakitləşdirirəm. Bu kömək edir, həm də adama motivasiya verir.

- Ən çox nə çəkirsiz? Təbiət, natura, yoxsa portret?

- Mən daha çox qara qələmlə işləməyi xoşlayıram. Daha çox peyzaj çəkirəm. Hər hansı bir yerə baxanda, nəyisə təsəvvür edib onu çəkirəm. İnternetdən hər hansı bir şəkli götürüb çəkməyi də xoşlayıram.

- Müsahibəyə görə təşəkkür edirəm, Fəridə xanım. İnanırıq ki, Azərbaycanın bayrağını yenidən yüksəklərdə dalğalandıracaqsınız. Olimpiadada sizə uğurlar arzu edirəm.

- Çox sağ olun, Allah razı olsun. Həm müsahibəyə görə, həm də uğurlar dilədiyiniz üçün çox sağ olun. İnşallah, məndən bu uğuru gözləyənlərin ümidlərini doğruldacam. İnşallah Azərbaycanın bayrağını yenidən ucalara qaldıracam. Allahın köməkliyi ilə himnimizi Tokioda səsləndirəcəm. Allahın izni ilə uğur qazanacam. 

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Hamısı