Bildiyimiz kimi artıq bir neçə müddətdir ki, rus sülhməramlılarının Qarabağdakı nəzarət postları ləğv edilir. Sülhməramlılardan savayı İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağın Ağdam ərazisində Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılmışdı. Mərkəzin məqsədi ərazidə seperatçı erməni qüvvələri tərəfindən törədilən təxribatları qeydiyyata almaq idi.
Artıq öz ərazi bütövlüyünü rəsmi olaraq təmin etmiş Azərbaycan ərazilərində monitorinqin fəaliyyətinə ehtiyac varmı?
Hərbi ekspert Abuzər Əbilov Ednews – a açıqlamasında söyləyib ki, monitorinqin fəaliyyətini davam etdirməsinə heç bir lüzum qalmayıb:
“Sonuncu antiterror tədbirindən və ərazidə olan silahlı qüvvələrin tərksilah olunmasından sonra demək olar ki, bu monitorinq mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. Onların ərazidə hansısa monitorinq aparmağa heç bir lüzum qalmayıb. Ərazidə başqa silahlı qüvvələr artıq yoxdur, hər bir ərazi Azərbaycan Silahlı Qüvvələrinin, Daxili Qoşunlarının və polisnin nəzarəti altındadır. Burada artıq monitorinq olunmalı, Üçtərəfli Bəyanatın şərtlərinin əməl olunmaması prosesləri artıq yoxdur. Artıq faktiki olaraq ərazidə qalmış erməni millətinin hüquqları Azərbaycan Konstitusiyası tərəfindən təmin olunur. Ona görə də düşünürəm ki, yaxın günlərdə və ya aylarda monitorinq mərkəzi bağlanılacaq. Ərazidəki Rusiya sülhməramlıları da ələxsus monitorinq kimi qısa bir müddətdə fəaliyyətini dayandıracaq. Hazırda ərazidə sülh yaratmaq missiyasına ehtiyac yoxdur”.
Əkbər Novruz