Millət vəkili Fuad Muradov BMT-in yeni seçilən rəhbəri haqqında "Eurasia Diary"nin suallarını cavablandırıb.
Eurasia Diary: BMT-nin yeni rəhbərinin adı bəlli oldu. Azərbaycan Antoni Quttereş ilə əlaqələri bundan sonra hansı formatda qurmaq niyyətindədir?Çünki o, Azərbaycana dəfələrlə səfər edən və Azərbaycanın rəsmi dairələri tərəfindən qəbul edilən bir ali rəhbər olub. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və rəsmi orqanlar BMT -in yeni rəhbərliyi qarşısında əsasən hansı məsələləri qaldıracaqlar?
Fuad Muradov: Təbii ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-yə Azərbaycanı yaxından tanıyan və siyasətini bilən bir şəxsin seçilməsi bizim üçün təqdirəlayiqdir. Eyni zamanda Antoni Quttereş dəfələrlə Azərbaycanda olmuş və ölkəmiz haqqında kifayət qədər məlumatlı biridir. Odur ki, Azərbaycanın BMT ilə əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram. Həmçinin ölkəmizin ərazi bütövlüyü məsələsi bu gün ən öndə olan problemdir. Təbii ki, Azərbaycan höküməti, eyni zamanda vətəndaş cəmiyyəti təmsilçiləri yeni rəhbərlik qarşısında Qarabağ məsələsini qaldıracaq. BMT-nin qəbul etdiyi qətnamələr isə burada əsas prinsipdir. Düşünürəm ki, illərdir Ermənistan tərəfindən icra olunmayan bu qətnamələrin icrası üçün yeni rəhbərlik bu ölkəyə təzyiqlər göstərəcək. Təbii ki, bu gün Azərbaycanın dünyadakı strateji mövqeyi, Avropanın və dünyanın enerji təhlükəsizliyi məsələsindəki rolu, həmçinin ölkə rəhbərliyinin ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyi bizim bu işləri görməyimiz üçün zəmin yaradır. Lakin Dağlıq Qarabağ probleminin bir hissəsi də yurd yuvalarından digərdin düşmüş insanlardır…
Eurasia Diary: Yeri gəlmişkən Antoni Quttereş uzun müddət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında işləyib. Yeni seçilən katibin dünyada aktual olan qaçqınlarla bağlı problemlərin həllində köməkçi olması gözləniləndirmi? Bu sahədə yeni rəhbərdən yeni islahatlar və yeni addımlar gözləmək olarmı? Ümumiyyətlə yeni baş katib Dağlıq Qarabağ münaqişəsinin həllində, Azərbaycanlı qaçqınlarla bağlı problemlərin həllində hansı dəstəyi göstərə bilər?
Fuad Muradov: Azərbaycan dünya üzrə ən çox qaçqın və məcburi köçkünün olduğu ölkələrdən biridir. Artıq 20 ildən çoxdur ki, vətəndaşlarımızın hüquqları pozulub və dünya birliyi bunu bilir. Eyni zamanda BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında çalışan yeni baş katib də bu problemdən xəbərdardır. Biz öz növbəmizdə qaçqın və məcburi köçkünlərin məsələsini yeni rəhbərlik qarşısında qaldıracağıq. Ümid edirəm ki, uzun illər bu sahədə çalışan biri kimi yeni baş katib daha qətiyyətli addımlar atacaqdır. Lakin bu bir günün içində həll olunan məsələ deyil. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə həlli istiqamətində BMT qətiyyətli addımlar atmalıdır. Məhz bu problemin həllindən sonra qaçqın və məcburi köçkünlərin də hüquqları bərpa ediləcək. Bütün bunlar bir-biri ilə zəncirvari əlaqəli məsələlərdir.
Eurasia Diary: BMT-nin baş katibliyinə 5 qadın namizəd var idi və yeni katibin qadın olacağı gözlənilirdi. Hətta Pan Gi Mun “Şəxsən mən istərdim ki, bundan sonra BMT-yə qadın rəhbərlik etsin”-deyə çıxış etmişdi. Kişi namizədin seçilməsi ictimaiyyət tərəfindən heç də yaxşı qarşılanmadı, tənqid edənlər də var. Bu haqda siz nə fikirləşirsiniz?
Fuad Muradov: Düşünürəm ki, qadın və ya kişinin rəhbərlik etməsi önəmli deyil. Önəmli olan rəhbər seçilən şəxsin ədalətli mövqe tutması və dünyada baş verən problemlərin həllində ədalətli qərar çıxarmasıdır. BMT-nin 200-ə yaxın üzv dövləti var. Bunlar içərisində müxtəlif fikirli, baxışlara malik, həmçinin öz siyasi hesablamaları olan dövlətlər çoxdur. Yəqin ki, seçimlərin nəticələrinə bu amillər də öz təsirini göstərib.