Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Baş prokurorluğun qərarından verilmiş şikayətə sabah fevralın 7-də baxacaq.
Məhkəmə işə yerli vaxtla saat 10.00-da qapalı rejimdə baxacaq, ancaq hökmün elan edilməsi mətbuata açıq olacaq. Lapşinin vəkilləri ekstradisiya qərarından şikayət verib, Minsk şəhər məhkəməsi qərarı qüvvədə saxlayıb. Daha sonra vəkillər Ali məhkəməyə müraciət edib.
Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə bəyan edib ki, Lapşinin Azərbaycana təhvil verilməməsi üçün heç bir əsas yoxdur və mətbuat bu məsələni şişirtməməlidir. Bloqqer Qarabağa qanunsuz səfər etməkdə və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlarda ittiham olunur.