Qarabağın həlli varmı? Məmmədyarov cavablandırır

Siyasət 13:01 09.02.2018

- Cənab nazir, Azərbaycan Avropa ilə Asiya arasında mehvərdir və bu ona gərgin bir bölgədə mərkəzi rol oynamaq imkanı verir. Diplomatiyanızın nail olmaq istədiyi əsas istiqamətlər hansılardır? Bu baxımdan Rusiya, Türkiyə, İran kimi böyük qonşularınızla hansı tərəfdaşlığı həyata keçirmək istəyirsiniz?

- Azərbaycan sivilizasiyaların, Şərqlə Qərbin, Asiya ilə Avropanın kəsişməsində körpü rolunu oynayır. Geosiyasi baxımdan həddən artıq həssas hesab olunan bu regionda ölkəmiz sıx regional əməkdaşlığın və dostluğun gücləndirilməsini, sülhün, sabitliyin və təhlükəsizliyin genişləndirilməsini təşviq edir. Azərbaycan yürütdüyü çoxistiqamətli, balanslaşdırılmış və müstəqil xarici siyasət sayəsində regional əməkdaşlıq mərkəzi rolunu oynayır. Bu mənada qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Biz Türkiyə, Rusiya, İranla Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin və strateji tərəfdaşlığın hazırki inkişaf səviyyəsindən məmnunuq. Hazırda Azərbaycan bu münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə bağlı təşəbbüslərlə çıxış edir.

“Müsəlmanlar, pravoslav və katolik xristianları, yəhudilər və digər konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır”

Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya formatlarında əməkdaşlıq bunun bariz nümunəsidir. Azərbaycan-İran-Rusiya əməkdaşlığının bəhrəsi olan mühüm layihələrdən biri “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Bu layihə özündə 3 ölkənin dəmir yolu şəbəkəsini birləşdirməklə, Hind okeanından Şimali Avropaya doğru yeni, səmərəli və əlverişli nəqliyyat dəhlizinin yaranmasını ehtiva edir.

Ölkəmiz qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə “Şərq-Qərb” nəqliyyat dəhlizini də həyata keçirir. Bu xüsusda, biz 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən məmnunuq. Avropa İttifaqının təcrübəsi göstərir ki, dəmir yolları xalqların rifahına, insanların yaxınlaşmasına, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun güclənməsinə töhfə verən ciddi vasitədir.

- Ölkəniz dini azadlığa xüsusi əhəmiyyət verir və bütün konfessiyaların dini ayinlərini azad şəkildə həyata keçirmək hüququnu tanıyır. Bu, İranla sərhəddə yerləşən Azərbaycanın səciyyəvi xüsusiyyətlərindən biridir. Bunun beynəlxalq siyasi spektrin mərkəzində uğurla qalmağın əsas açarlarından biri olduğunu düşünürsünüzmü?

- Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri tarixən Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıb. Müxtəliflik sosial elementdir və demək olar ki, Azərbaycan xalqının həyat tərzidir. Təsadüfi deyil ki, Azərbaycan orezidentinin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan hökuməti könüllülük siyasəti yürüdərək cəmiyyətin müxtəlif komponentlərinin mədəniyyət ənənələrinin inkişafına kömək edir. Ölkəmizdə müsəlmanlar, pravoslav və katolik xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır, bir-birinin dini bayramlarında yaxından iştirak edir. Şiə və sünni müsəlmanlar birlikdə namazı qılır.

Eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan Azərbaycan bu iki qurumu, onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı prosesi” təşəbbüsünü başladan nadir ölkələrdəndir. Bu il “Bakı prosesi”nin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verir, Bakı Humanitar Forumu, yaxud Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2015-ci ildə paytaxt Bakının birinci Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi sivilizasiyalar və mədəniyyətlərarası dialoq baxımdan dərin rəmzi mənaya da malikdir. Təsadüfi deyil ki, 2016-cı ilin sentyabrında Azərbaycana səfər etmiş Roma Papası Fransisk Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirmişdi.

Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” elementlərini – müxtəlifliyi və sivilizaiyalararası dialoqu beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının fundamental komponenti hesab edir. Biz bu istiqamətdə sistemli fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

- Dağlıq Qarabağ məsələsi Azərbaycanın xarici siyasətində dominant olaraq qalır. Bu münaqişədə hazırkı vəziyyət necədir?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını Ermənistan tərəfindən törədilmiş hərbi təcavüz və işğal faktı təşkil edir. 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan və terror əməllərilə müşayiət olunan təcavüzkar separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Ermənistan hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etdi, 1 milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törətdi.

Separatizmin qarşısının alınması üçün mexanizmin olmaması və ikili standartlar bu faciəyə gətirib çıxardı. Ona görə də bu gün Avropada baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli, onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanda, o cümlədən regionda sülh və təhlükəsizliyə ən ciddi təhdiddir. İkinci Dünya müharibəsində Almaniya ilə Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər təhlükəli şəkildə üz-üzə qalıb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzünə qəti və birmənalı mövqeyini nümayiş etdirir. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqlənir, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı, hərbi risk amili aradan qaldırılmalıdır.

“Müharibə, atəşkəs, 25 min ölü, 1 milyon qaçqın və məcburi köçkün...”

Münaqişənin humanitar aspektinə toxunduğunuz üçün sizə təşəkkür edirəm. Avropalı tərəfdaşlarımızla fikir mübadiləsi zamanı onlar tez-tez insan haqları məsələlərini ön plana çəkir. Ancaq, eyni zamanda, Ermənistandan, öz dədə-baba yurdlarından qovulmuş 250 min, Dağlıq Qarabağdan regionudan didərgin salınmış 40 min (1989-cu ildə bu bölgənin əhalisinin 20%-dən çoxu) və digər 7 ətraf rayondan qovulmuş 700 min azərbaycanlının hüquqları ilə maraqlanmırlar. Onların təhlükəsiz, sülh şəraitində yaşamaq, doğma evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüquqları bütün avropalı tərəfdaşlarımızın və insan hüquqlarını müdafiə edən təşkilatların diqqət mərkəzində olmalıdır.

Bu baxımdan, Ermənistanda və işğal olunmuş ərazilərdə yaşamış azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasəti İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakətdir. Ermənistan tərəfindən işğal siyasəti çərçivəsində çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri, soyqırım törədilib. Xocalı soyqırımı bu münaqişənin ən qanlı səhifələrindən biridir: 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin bu şəhərə hücumu nəticəsində 600-dən artıq dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirilib.

“Ermənistan rəhbərliyi bilməlidir ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirmək cəhdləri nəinki qəbuledilməz, hətta yolverilməzdir”

Münaqişənin digər faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir. Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən artıq azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıqdır ki, öz yaxınlarının taleyi barədə məlumat gözləyir. İki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyev bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar.

Qeyd edilənləri nəzərə alaraq, biz Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin humanitar aspektlərinə, daha dəqiq desək, itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik.

- Sizcə, münaqişənin həlli varmı?

- Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT TŞ-nın qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ermənistan isə beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə əks siyasət yürüdür, güc tətbiq etməklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir.

Münaqişənin həlli üçün danışıqlar prosesinin potensialı tükənməyib. Bu problemin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. İlk növbədə, Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin edilməlidir. Bu gün Ermənistan bir tərəfdən işğalçılıq siyasətini davam etdirir, digər yandan sülhdən danışır. Bu, qeyri-ciddilik və məsuliyyətsizlikdir. Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir.

- Minsk qrupunun təşəbbüskarı olduğu sülh prosesinin davamını necə görürsünüz?

- Bu sualın cavabı təəssüf ki, qısa olacaq: nəticə yoxdur. 25 ildən artıqdır davam edən vasitəçilik nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hələ də təmin olunmayıb. Minsk qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiqlənib. Amma onun icrası indiyədək təmin olunmayıb.

“Biz Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləyir, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac duyuruq”

Nəzərə almaq lazımdır ki, qinsk Qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar. Bir faktı xatırlatmaq istərdim. Fransa prezidentinin təşəbbüsü ilə 2014-cü ilin noyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi həmin danışıqlardan dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40 000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirməklə, təxribata əl atdı, bununla da danışıqları pozmağa çalışdı.

Biz Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik. Amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var.

ATƏT-in Minsk qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistan tərəfindən danışıqlara imitasiya xarakteri verilməsinin qarşısını almalı, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.

Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcək. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi, münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır. Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını davam etdirəcək. Həqiqətən, münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaq. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək.

- Fransa ilə Azərbaycan arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və müxtəlif istiqamətlərdə davamlı şəkildə inkişaf edir. Bizim gündəliyimizə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə davamlı dialoq, ticarət, iqtisadiyyat, sərmayələr üzrə böyük layihələr, regionlararası fəal əməkdaşlıq daxildir. Biz, həmçinin elm, təhsil, mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Fransanın Cənubi Qafqaz regionundakı əsas ticarət tərəfdaşıdır. Azərbaycan, həmçinin fransız dilinin tədrisi üzrə regional mərkəzdir.

Biz, həmçinin Avropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Bu xüsusda, Fransa ilə Azərbaycanın Avropa İttifaqı əməkdaşlıq məsələsində təmasları çox vacibdir. Bu, çətin geosiyasi mövqedə yerləşən ölkəmizin balanslaşdırılmış xarici siyasətinin və inkişafının mühüm elemtidir.

Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçirilmiş “Şərq Tərəfdaşlığı” sammitinin uğurla nəticələnməsində Parisin konstruktiv mövqeyini, töhfələrini təqdir edirik. Yekun bəyanatda digər “Şərq Tərəfdaşlığı” ölkələri kimi, Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi təsbit olunub, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə əldə olunan nailiyyətlər qeyd edilib.

“Azərbaycan dünyəvi müsəlman dövləti olaraq, Avropa ilə Asiya, Avropa ilə İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir”

Bakının Avropapərəst mövqeyi ölkəmiz, eləcə də Avropa İttifaqının özü üçün vacibdir. Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa ilə Asiya, Avropa ilə İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, bu, həm də inkişaf amilidir. Bu gün rəsmi Bakı qitələri birləşdirən və Asiyada, Qafqazda və Avropada minlərlə yeni iş yeri yaradan konkret layihələr irəli sürür, onları həyata keçirir. Gözləyirik ki, Avropa İttifaqı və onun üzvləri nəhayət, dünyanın bu bölgəsində Azərbaycanın strateji rolunu başa düşəcək.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Hamısı