Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin idarə heyəti, millət vəkilləri, diaspor nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondundan təqdim olunan nadir kadrlar əsasında Heydər Əliyevə həsr olunmuş film tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra komitə sədri Fuad Muradov tədbiri giriş sözü ilə açıq elan edib.
Fuad Muradov bildirib ki, Heydər Əliyev diaspor quruculuğunun əsasını qoyub:
"1969-cu ildən 1982-ci ilə kimi Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda minlərlə gənc xarici ölkələrdə təhsil alıb. Ulu öndər cəmiyyətdə sülh, əmin-amanlığın olmasına xüsusi diqqət yetirib. 1991-ci ilin dekabrın 6-da Naxçıvan Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda 31 dekabrın - Dünya azərbaycanlılarının həmrəylik günü kimi elan olunması qərara alınıb. Həmin vaxt çox insan bu tarixin keçirilməsinin vacibliyini başa düşmürdü. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün diaspor fəaliyyəti sahəsində ciddi uğurlar qazanmışıq. Doğrudur, Azərbaycanın stabilliyinə xələl gətirmək istəyən marijinal qruplar var. Amma Azərbaycan diaspor nümayəndələri ölkəmizin ərazi bütovlüyü ilə bağlı məsələlərdə ermənilərə tutarlı cavab verə bilirlər".
Fuad Muradov qeyd edib ki, tədbirdə Fransa, Belarus, Rusiya, İsveçrə, Almaniyadan nümayəndələr də iştirak edir:
"Azərbaycan xaricdə yaşayan bütün azərbaycanlıların vətənidir. Biz Diaspor Komitəsi olaraq öz fəaliyyətimizlə daim sizin yanınızdayıq. Xaricdə fəaliyyət göstərən soydaşlarımızın da bizə dəstək olmasını arzulayırıq. Gələcəkdə çox böyük işlərimiz olacaq".
Bundan başqa tədbirdə millət vəkilləri Eldar İbrahimov, və Arif Rəhimzadə də çıxış edib.