Rusiyanın "Qolos deti" televiziya şousunda ermənilər növbəti dəfə təxribata əl atıb. Bunu siyasi analitik Anastasiya Lavrina (Bakı) bildirib.
Tamaşaçıların səsverməsi nəticəsində layihəni tərk etməli olan 10 yaşlı Mixail Qriqoryan səhnədə çıxış edərək, hamını "Qarabağ"dakı doğma şəhərinə dadlı göy qutabı yeməyə dəvət edir.
Eyni zamanda, TV layihəsinin rəhbəri ondan şəhərin adını çəkməsini istəyəndə, M. Qriqoryan "Stepanakert" şəhəri deyə cavab verib.
Beləliklə, Rusiyanın "Birinci" kanalında Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən və Sovet dövründə heç vaxt "Stepanakert" adlanmayan Azərbaycan şəhəri Xankəndi qondarma, heç bir dövlət tərəfindən tanınmayan "dağlıq qarabağ respublikası"nın tərkib hissəsi kimi təqdim olunub.
Bu, Ermənistanın televiziyadan yalan məlumatı təbliğ etmək və yaymaq üçün necə istifadə etdiyinin birbaşa nümunəsidir. Efirdəki intonasiyadan dərhal aydın olur ki, hər şey əvvəlcədən planlaşdırılıb.
Bundan əlavə, M. Qriqoryan haqqında danışılan geniş süjetdə "dağlıq qarabağ respublikası"nın bayrağı da göstərilib. Hal-hazırda qonşu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları Ermənistanın ərazisi kimi təqdim olunub.
Bundan bir neçə gün öncə, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin İnsan Hüquqları Şurasına öz illik hesabatından əlavə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan Dağlıq Qarabağ separatçı rejiminə dair hesabatı da təqdim edib. Sənəd BMT-nin rəsmi saytında yerləşdirilib. Hesabatda deyilir ki, "dağlıq qarabağ respublikası" - müstəqil dövlətdir; eyni zamanda Azərbaycanın işğal olunmuş digər əraziləri də qondarma "respublikanın" ərazisi kimi təqdim olunub. Bundan əlavə, hesabatda Azərbaycanı "qonşu" respublikanın" ərazisini "işğal etmək"də ittiham edirlər. 67 səhifəlik hesabatda saxtalaşdırılmış faktlar və yalan məlumatlar yer alıb. Ermənilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən rəsmi qətnamələrinin mətnlərini təhrif ediblər.
Rusiya TV-nın canlı efirində Azərbaycanın işğal edilmiş torpaqları erməni dövlətinin tərkibində, eyni zamanda tanınmayan "dağlıq qarabağ respublikası"nın bir hissəsi kimi verilir.
Bu hadisəni diqqətdən kənar qoymaq olmaz! - A. Lavrina hesab edir.