Ermənistan ordusunun baş qərargah rəisi general Artak Davtyan bu günlərdə maraqlı açıqlama ilə çıxış edib.
Eurasia Diary erməni mənbələrinə istinadən xəbər verir ki, təmas xəttində yaşanan gərginliklərə diqqət çəkən düşmən generalı, bu cür gərginliklərin həmişə olduğunu, bundan sonra da davam edəcəyini bildirib. O, qeyd edib ki, Azərbaycan tərəfinin atəşinə hər zaman “lazımınca cavab verilir”.
Düşmən generalının bəyanatında diqqət çəkən ən başlıca məqam isə onun Ermənistan tərəfinin atəşkəsi həmişə pozduğunu etiraf etməsi olub. Belə ki, A.Davtyan açıq şəkildə etiraf edib ki, erməni ordusu hər zaman təmas xəttində aktivlik göstərir, Azərbaycan tərəfinə atəş açır, “lakin bunu ictimaiyyət üçün elan etmək heç də həmişə münasib olmur”.
Göründüyü kimi, düşmən generalının dediklərindən belə nəticə hasil olur ki, Ermənistanın Müdafiə Nazirliyi məhz beynəlxalq ictimai qınağa hədəf olacaqlarını, atəşkəsi pozan tərəf kimi itiihamlara məruz qalacaqlarını düşündükləri üçün atəşkəs rejimini pozduqlarını, Azərbaycan tərəfini davamlı təxribata çəkdiklərini etiraf etmək istəmir.
Qeyd edək ki, A.Davtyanın bu bəyanatı düşmənin hərbi müstəvidəki təxribatlarının Ermənistanın Müdafiə Nazirliyi səviyyəsində etirafı hesab edilə bilər. (moderator.az)