“İllik maliyyə hesabatı verməyən siyasi partiyaların məsələsini qaldıra bilərik. Buna səlahiyyətimiz də çatır”.
Eurasia Diary-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlarla da siyasi partiyaların bağlanmaması barədə müzakirələr olub: “Çünki beynəlxalq aləmdə siyasi partiyalarının fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur. Onlara deyə bilməzsən, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsizdirlər, amma bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, necə yəni, siyasi partiya fəaliyyətsiz olub və bağlanıb".
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. (apa)