Xəbər verdiyimiz kimi 15 oktyabr tarixində Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə prezidentin məmurlara qarşı sərt və kəskin çıxışı ilə diqqətdən yayınmayıb. Bu mövzu ilə bağlı millət vəkili Aqil Abbas Eurasia Diary üçün ekskluziv müsahibə verib:
- 15 oktyabr tarixində keçirilən müşavirədə prezident çox sərt şəkildə və ad çəkmədən bəzi məmurları tənqid etdi. Siz də tez-tez müxtəlif məmurları tənqid edirsiniz. Sizcə hansı nazirliklərdə qüsurlar davam edir və ya hansı nazirliklərdə xeyli dəyişikliklər var?
- Mən bir çox məmurları həm parlamentdən, həm də mətbuat üzərindən tənqid etmişəm. Ancaq bəzi murların fəaliyyətindəki uğurları da gözdən qaçırmaq mümkün deyil. Məsələn, Kənd Təsərrüfatı naziri İnam Kərimov çox uğurlu fəaliyyət göstərir. Mən kənd adamıyam, kəndlərdə tez-tez oluram, kənd əhalisi ilə söhbəttə oluram. Görürəm ki, onun uğurlu fəaliyyəti kənd əhalisinin həyatına da müsbət təsirini göstərir. Eyni zamanda Təhsil Nazirliyi mənim əvvəllər ən çox tənqid etdiyim qurumlardan biri olsa da hazırda Ceyhun Bayramov orada bir çox dəyişikliyə imza atıb. Nazirlikdə şəffaflığın təmini üçün bütün addımlar atılıb. Müəllimlərin təyinatı, seçilməsi artıq imtahanladır. Ümumilikdə təhsilimizdə hələ də müəyyən problemlər olsa da nazirliyin fəaliyyəti uğurludur.
- Prezidentin açıqlamalarında məmurlar arasındakı rəqabət və mübarizəyə mətbuatın alət olduğu açıq şəkildə vurğulanıb. Siz illərinizi Azərbaycan mətbuatına həsr etmiş biri olaraq mətbuatın klan savaşının alətinə çevrilməsinə necə münasibət bəsləyirsiniz?
- Ümumilikdə iki mətbuat var ki, prezidentin açıqlamasında da qeyd edilib: Müstəqil mətbuat – bu tip mətbuat hər iki tərəfə, hökumətə və muxalifətə bərabər məsafədə durur, yeri gələndə hər iki tərəfə sözünü deyər. Bir də “Sarı mətbuat” var ki, belə mətbuat orqanlarını müxtəlif şəxslər tərəfindən açılır və sırf o şəxslərin maraqlarına uyğun fəaliyyət göstərir. Bu tip mətbuat orqanları demək olar ki, ancaq qaralama kampaniyaları ilə məşğul olurlar. Biz bir neçə il əvvəl mətbuat nümayəndələri ilə birlikdə belə mətbuat orqanlarının siyahısını Milli Təhlükəsizlik Nazirliyinə göndərmişdik. Biz onları Mətbuat Şurasında “qara siyahı”ya salmışdıq. Sonra MTN-dən ardıcıl zənglər gəlməyə başladı ki, bu qazet və saytları siyahıdan çıxarın. Sən demə elə özlərinin imiş. Daha sonra da bilirsiniz ki, MTN-nin fəaliyyəti ilə bağlı bütün məsələlər aşkarlandı və qurum ləğv edildi...
- Prezident gənc kadırlara qarşı mətbuat üzərindən kampaniya aparıldığını da qeyd edib. O gənc kadırlardan biri də çox guman Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir. Bilirsiniz ki, əleyhinə xeyli əsassız yazılar yazılmışdı. Kimdir bu gənc kadrları gözdən salmağa çalışanlar?
- Sahil Babayev gənc bir kadrdır. Atası mənim yaxın dostum olub. Özü də illərlə Milli Məclisdə, İqtisadiyyat Nazirliyində çalışıb. Çox savadlı və peşəkar insandır. Çox çətin və məsuliyyəti ağır olan bir vəzifəyə gətirilib. Sosial problemlərin həlli olduqca çətin və mürəkkəbdir. Amma o əlindən gələni edir.
Qaralama kampaniyalarının kimlər tərəfindən həyata keçirildiyi sualına isə mən cavab verə bilmərəm. Onu xüsusi xidmət orqanları, prokurorluq, DTX və digər qurumlar müəyyənləşdirməlidir.
- Prezidentin yanında keçirilən müşavirədə konkret olaraq bəzi məmurlarla yola davam etməyin mümkün olmadığını qeyd edib. Bu cəmiyyətdə “istefa anonsu” kimi anlaşılıb və bəzi məmurların istefaya göndəriləcəyi fikirləri yayılıb. Daha çox Xarici İşlər naziri Elmar Məmmədyarov və SOCAR prezidenti Rövnəq Abdullayevin adları hallanır. Bunu necə dəyərləndirirsiniz?
- Mən Elmar Məmmədyarovu ən çox tənqid edən, əlehində yazılar yazan insanlardan biriyəm. Niyə? Çünki o, 20 ildir nazirdir, lakin öz dilində danışa bilmir. Rusca fikirlərini çox gözəl ifadə edir, lakin öz dilində ən sadə, kiçik bir nitqdə bir çox qüsurlara, xətalara yol verir. O zaman danışmasın...
Bundan savayı dünyanın bəzi yerlərindən Qarabağımıza qanunsuz səfərlər təşkil edilir, səfərdə iştirak edən insanlar “qara siyahı”ya salınır, sonra əfv edilir. Xarici İşlər Nazirliyi Əfv Komissiyasıdır?! Ciddi tədbirlər görülməlidir, ciddi münasibət ifadə edilməlidir. E. Məmmədyarovun bəyanatları çox zəifdir, kəskin, sərt bəyanatlar verə bilmir. Yəqin ki, prezident ona da bir əncam çəkəcək. Onun istefaya göndəriləcəyini gözləyirəm.
Rövnəq Abdullayev isə mənim parlamentdə ən çox söhbət etdiyim şəxslərdən biri olub. Onunla futbolumuzun taleyi və seçildiyim regionun qazla təminatı barədə çox müzakirələr aparmışıq. Ondan ən çox qazla təmin olunmayan kəndlərə qaz çəkilməsini xahiş etmişəm. O da hər zaman xahişlərimizi nəzərə alıb. Məsələn Bayat kəndinə təbii qaz verilmirdi, bir xahişimizlə o kənd qazla təmin edildi. Mən həmişə onda müsbət keyfiyyətlər görmüşəm. Təbii ki, futbolumuzun durumu və başqa məsələlərlə bağlı tənqid edilə bilər. Lakin mən R. Abdullayevə qarşı konkret təbliğat apardığını düşünürəm. Mən Ağcabədi-Fizuli seçki dairəsindən seçilsəm də hə dəfə bu rayonlarla birlikdə Ağdamın da kəndlərini bir-bir gəzirəm və qeyd edə bilərəm ki, Ağdam, Fizuli və Ağcabədi rayonlarının qazla təminatı tamamlanıb. Bir-iki kənd qalıb və onların da qazla təminatı üçün işlər görülür...
Nicat İSMAYILOV