Azərbaycanın Ağdam rayonunun işğal altındakı ərazisində yerləşən Xaçınçay su anbarındakı balıqlar kütləvi şəkildə qırılmağa başlayıb.
Eurasia Diary Moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkənin öz saytlarından birinin yaydığı məlumata görə, bu haqda video-görüntüləri Ağdam rayonu kəndlərindən birində müəllim işləyən Vladimir Doluxyan paylaşıb. Hazırda guya qondarma separatçı-terrorçu rejimin əlaqədar qanunsuz qurumları su hövzəsindəki canlıların kütləvi ölümünün səbəblərini araşdırır...
Xatırladaq ki, Ağdam rayonunun işğal altındakı ərazisində - Xaçınçay üzərində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. Lakin Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı (23 iyul 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.
Bəndin hündürlüyü 44 m, uzunluğu 940 m və su anbarının ümumi həcmi 23 mln.m³-dur. Suvarma sahəsi 1700 hektardır.
Xaçınçay su anbarıda suyun orta çoxillik temperaturu yanvar ayında 3,8° S, avqust ayında 23,1° S olur. Ən yüksək temperatur 13 iyun 1964-cü ildə 30,5° S olmuşdur.