Xəbər verdiyimiz kimi, ötən gün Misir polisi Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin Qahirə ofisinə basqın edib.
Həyata keçirilən əməliyyat nəticəsində agentliyin biri türk olmaqla 4 əməkdaşı saxlanılıb.
Hadisə Türkiyə və Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev Anadolu Agetnliyi əməkdaşlarının saxlanılmasını pisləyib:
“Kimliyindən, millətindən, irqindən, dinindən asılı olmayaraq dünyanın istənilən bir nöqtəsində jurnalistlərin həbs edilməsini qətiyyətlə pisləyirəm. Qahirədəki Anadolu Agentliyi əməkdaşlarına qarşı edilən hərəkətlər yolverilməzdir. Əgər jurnalistlərin fəaliyyətində qanundankənar hansısa detallar aşkar edilibsə bu qanuni yollarla, hüquqi müstəvidə həll edilməlidir. Jurnalist fəaliyyəti bütün dünyada beynəlxalq qanunlarla tənzimlənir və müdafiə edilir. Hər bir dövlətin, hökumətin bu qanunlara hörmətlə yanaşması vacibdir”.
“Hadisə Azərbaycan ictimaiyyətini məyus edib. Mən, Anadolu Agentliyi rəhbəri Şenol Kazancı başda olmaqla bütün agentlik əməkdaşlarına keçmiş olsun deyirəm və Türkiyəli həmkarlarımıza dəstək olduğumuzu bildirmək istəyirəm”, – deyə BAMF prezidenti əlavə edib.