Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı aparılan danışıqlar nəticə verməyib.
Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan söyləyib.
Qeyd edək ki, dünəndən etibarən danışıqlar zamanı Azərbaycanın bəzi şərtlər müqabilində Qaragöl ətrafındakı mövqelərindən geri çəkilməyə razı olduğu barədə xəbərlər yayılır. Xəbərin yeganə mənbəsi isə erməni deputat Nairi Zöhrabyan olub.
Sosial şəbəkənin Azərbaycan seqmenti isə bir qədər də irəli gedərək, Ermənistanın Qazax rayonunun işğal altında olan 7 kəndini və Naxçıvanın Kərki kəndini boşaldacağı ilə bağlı məlumatlar yayıb.
Lakin bu məlumatlar Paşinyanın çıxışı ilə təkzib edilib. Ermənistan hökumət başçısının sözlərinə görə, danışıqlar heç bir nəticə verməyib, danışıqların növbəti mərhələsi çərşənbə günü davam edəcək. Nikol Paşinyan Azərbaycan və Ermənistan sərhədinin müəyyən edilməsində Rusiyanın iştirakının vacibliyini bildirib.
Bundan əlavə, o, Sünik əyalətindən keçməklə Naxçıvana dəhlizin açılmasını belə, heç bir zaman müzakirə etmədiklərini və etməyəcəklərini bildirib.
Ülvi Əhmədli