Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçiriblər.
EDNews.net AzVision.az-a istinadən xəbər verir ki, İstintaq Komitəsinin binası qarşısına toplaşan valideynlərdən biri jurnalistlərə hakimiyyətin onlara qarşı diqqətsiz yanaşmasından gileylənib. Çünki komitə rəhbəri onlarla görüşməli olsa da, iş başında tapılmayıb.
- Biz heç kimə inanmırıq. Baş nazirin və digər generalların dediklərinə belə güvənmirik. Çünki düşünürük ki, onların hamısı günahkardır. Bu qədər uzun müddət keçib, eşitmisiniz ki, kimisə mühakimə edirlər və deyirlər ki, bu adam 10-20 əsgərə görə günahkar sayılır? İndiyə qədər heç kim mühakimə olunmayıb. Kərəmyan (İstintaq Komitəsinin sədri-red.)yoxdur. Tabeliyində olanlara deyib ki, məşğulam, mənim yerimə onlarla görüşün. Amma adi bir müstəntiq bizə nə cavab verəcək?
Etiraz edən əsgər atası jurnalistə deyib ki, binanın qarşısına toplaşanlar sadəcə günahkarlardan ən azından bəzilərini tapmaq istəyir.
- Bir ildir işləmirik və ya sözün həqiqi mənasında yaşamırıq. Bizim uşaqlar vuruşanda bu iki saat çəkirmiş. Onların leytenantı güllə qalmadığını deyib və sursat arxasınca gedib. Yəni sadəcə qaçıb... Uşaqlar sual ediblər ki, “Daraqlarda güllələrimiz qalıb axı, hara gedirsən komandir?" . İndi o leytenant başqa vəzifəyə keçirilib və xidmətini davam etdirir. Hətta uşaqların komandirlərini görəndə dedim ki, niyə bu leytenantı başqa yerə köçürtdün? O yenə fərarilik edəcək... Bizdə hətta məlumatlar var ki, xain zabitləri Rusiyaya təlim keçmək üçün göndərilirlər -,əsgər atası gileylənib.