"Böyük Yeddilik" ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq öhdəliyi götürüblər. Bu barədə bəyanat imzalanıb. Bəyanata görə, bu qərar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq. Həmçinin bu Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək.
Bəyanatla bağlı Ednews-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, "böyük yeddilik" ölkələrinin bəyanatı həcm etibarilə neftimizə təsir etməyəcək:
“Azərbaycan bir gündə cəmi 600 min bareldən bir qədər artıq neft ixrac edir. Əlavə maraq olsa da, olmasa da, ixracın miqdarı bu qədərdir. Biz neftin ixracını artırmaq imkanında deyilik. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində tək gəlirimiz o olacaq ki, bir müddət neftin və qazın qiyməti yüksələcək. Bu da bizə əlavə qazanc gətirəcək”.
Politoloq Cümşüd Nuriyev fikrincə isə Rusiya bundan sonra işğal planlarını daha da genişləndirəcək. O, bu barədə Ednews-a danışarkən deyib.
“Ümumiyyətlə, Avropada vahid fikir mövqeyi yoxdur. Ona görə də, qərarın icrası sual altındadır. Bu qərar ən çox ABŞ-a və İngiltərəyə sərf edir. Ortada bir reallıq da var, bəzi ölkələr onların qərarları ilə razılaşmayacaq. Rusiya da bu qərarlara qarşı öz mövqeyini sərgiləyir. 9 mayda Moskvanın mərkəzində keçirilən hərbi paradda Putin ABŞ-ı təhdid etməyi də unutmayıb. Görünür ki, bəyanat Rusiyanı daha da qızışdıracaq. Moskva işğal planlarına Moldovanı və Latviyanı da əlavə edə bilər”.
Sabiq deputat qeyd edib ki, qərar doğru şəkildə icra olunsa, neftin qiyməti bahalaşacaq:
“Yaxın 15 gün ərzində neftin qiyməti 150-160 dollar civarı qalxa bilər. Lakin bu qərardan Rusiya çox zərər görməyəcək. Onlar hələ də neftini satmağa davam edəcək. Hindistana, Çinə ucuz da olsa, öz neftini satacaq”.
Xanlar Əlibəy