Bu gün May ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.
Ümummilli lider haqqında Ednews-a danışan deputatlar Musa Quliyev, Jalə Əliyeva və Elman Nəsirov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Millət Vəkili Musa Quliyev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi qalacaq:
“Heydər Əliyev Azərbaycanı hər iki - həm Sovet, həm müstəqillik dönəmində inkişaf etdirən, müasir Azərbaycan dövlətini quran və onu təhlükələrdən qurtaran bir liderdir. Böyük şəxsiyyət bir çox uğura imza atıb. 1995-ci ildə qəbul edilən Konstitusiyamızın müəllifi də Heydər Əliyevdir. Məhz həmin Konstitusiya əsasında Azərbaycan müstəqil, hüquqi, demokratik bir dövlət kimi inkişaf etməyə başladı. İnsan hüquq və azadlıqlarının qorunması, çoxpartiyalı sistemin, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə Ulu Öndər göstərdi ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Heydər Əliyev elmin, səhiyyənin, mədəniyyətin inkişafına da xüsusi töhfə verib”.
Deputat Heydər Əliyevin müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə verdiyi dəyərin yüksək olduğunu da qeyd edib:
“Ulu öndər müharibə iştirakçılarının, şəhid ailələrinin maddi təminatları ilə yanaşı, onlara mənəvi dəyərin verilməsinə də xüsusi diqqət ayırıb. Heydər Əliyev şəhid ailəsinin, məcburi köçkünün toyunda, xeyir işində iştirak edərək onlarla bərabər oynayırdı. Onlara böyük təskinlik verirdi. Valideyn himayəsindən məhrum olan uşaqları Novruz bayramında, Yeni ildə Gülüstan sarayına yığaraq bayramı onlarla birlikdə keçirərdi.Ulu öndər Dünya azərbaycanlılarını birləşdirən şəxsiyyətdir”.
Millət vəkili Elman Nəsirov da Heydər Əliyevin ildönümü ilə bağlı fikirlərini isə bu sözlərlə ifadə edib. O, Heydər Əliyevin Azərbaycan xalqının əzəmətinin simvolu olduğunu vurğulayıb :
“Ümummilli lider xalqa və Vətənə sonsuz sevgisi ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.
1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-yə ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan Avraam Linkolnun büstü hədiyyə edilib. Bu, təsadüfi olmayıb. Bu rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkolnun ABŞ-nin bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə apararaq və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilib.
Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolundur. Zənnimcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkolun arasında bənzərliyi vurğulamaqları gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarlarıdırlar. Azərbaycan xalqı Ulu Öndərimizin doğum gününü birlik nümayiş etdirərək qeyd edir”.
Deputatı Jalə Əliyeva isə vurğulayıb ki, Heydər Əliyev Azərbaycan tarixinin dahi simasıdır:
"Azərbaycan xalqı xoşbəxtdir ki, onun qismətinə məhz Heydər Əliyev kimi dahi bir insan yazılıb. Dünyada nadir liderlər “xalqın atası” səviyyəsinə yüksəldiliblər. Məhz onlardan biri də Heydər Əliyevdir. O, bu adı hələ sağlığında qazanıb. Sovet dövründə olan qadağalara baxmayaraq, Azərbaycanın inkişafı üçün əlindən gələni edib. Dahi şəxsiyyətdən danışırıqsa, onun ana dilimizin qorunması və dövlət dili olaraq inkişaf etdirilməsi uğrunda atdığı cəsarətli addımları xüsusi qeyd etməliyik. Həmçinin o, Azərbaycanı sənaye ölkəsinə çevirən liderdir. Ulu öndər qəlbində xalq, vətən sevgisini yaşadırdı. Azərbaycan xalqının ölüm-qalım mübarizəsi apardığı bir müddətdə Heydər Əliyev xalqının istəyi ilə hakimiyyətə gələrək ölkəmizi yox olmaqdan qurtardı. Yurdumuzda vətəndaş qarşıdurmasının qarşısını aldı. Bugünkü qalib Azərbaycan Heydər Əliyev ideallarının zəfəridir”.
Xanlar Əlibəy