“Ermənistan və Rusiya regionda sülhün bərqərar olunmasında maraqlı deyillər”.
Bu sözləri Ednews - a açıqlama zamanı AMİP Siyasi Şurasının üzvü, politoloq Rəşad Bayramov Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpasından sonra bu bölgədə yaşayan yerli ermənilərin vətəndaşlıq hüquqlarının təminatı ilə bağlı suala cavablandırarkən bildirib.
Politoloqun sözlərinə görə, Qarabağ ermənilərinin Azərbaycan tərkibində milli azlıq çərçivəsində bir sıra mədəni hüquqlarla təmin olunacağı ilə bağlı heç bir şübhə olmamalıdır.
“Azərbaycan hökuməti dəfələrlə bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşıdırlar və onlar ölkəmizdə yaşayan digər etnik qruplar kimi bir sıra azad hüquqlara malik olmasına şərait yaradılacaqdır. Qarabağda yaşayan etnik ermənilər bilməlidirlər ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etdiyi təqdirdə digər vətəndaşlarla bərabər bütün hüquqlardan yararlanacaqlar və öhdəliklər daşıyacaqlar. Lakin bu məsələdə ən böyük problem Ermənistan rəhbərliyinin və sülhməramlıların himayəsində olan erməni separatçılarının sülh prosesinə əngəl törətməyə çalışmasıdır. Rəsmi İrəvanın Azərbaycanın beş təklifinə qarşılıq öz təkliflərini irəli sürməsi onu göstərir ki, Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə status müstəvisində baxmağa çalışır. Halbuki, Azərbaycan beynəlxalq tədbirlərdə status mövzusunun müzakirə predmenti olmayacağını dəfələrlə bəyan edib. Bu məsələnin heç vaxt geriyə dönüşü olmayacağını dönə-dönə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışıq”.
Rəşad Bayramov qeyd edib ki, İrəvan sülh prosesini müxtəlif manevrlərlə mane törətmək məqsədi güdürlər.
“Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov həmkarı Ararat Mirzonyanla son görüşündə xoşagəlməyən fikirlər səsləndirib. Onun Moskvanın Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində konkret işlər görməsi ilə bağlı açıqlaması Azərbaycanın maraqlarına uyğun deyil. Eyni zamanda Paşinyanın Qarabağda təhlükəsizlik problemlərinin olmasını, eləcədə qondarma qurumun rəhbəri Arayik Arutyunyanın separatçı rejimin rus sülhməramlıları ilə birlikdə təhlükəsizlik mexanizmləri üzərində işləməsi ehtimalını açıq şəkildə deməsi vəziyyətin o qədər də ürəkaçan olmamasəndan xəbər verir. Baş verən bütün bu hallar onu göstərir ki, nə Ermənistan, nə də Rusiya regionda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyillər. Erməni rəsmiləri sülh prosesində bilərəkdən əngəllər törətməklə əsas diqqəti sülh müqaviləsinin imzalanmasından yayındırmağa çalşırlar”.
Yunis Abdullayev