“İyulun 1-də Laçında alternativ dəhlizin açılması qeyri-mümkündür. Amma yeni yol bu ilin sonuna qədər tamamlana bilər”.
Bu sözləri Ednews - a açıqlama zamanı hərbi ekspert Ədalət Verdiyev Laçın dəhlizi ətrafında gedən son prosesləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, yeni yol qayalıq və dağlıq ərazilərdən keçir.
“Azərbaycan hökuməti dəhlizin tikintisini elə planlaşdırıb ki, insanların Laçın rayonu ərazisində yerləşən yaşayış məntəqələrinə gediş-gəlişinə maneçilik yaratmasın. Bu ilin sonuna kimi, alternativ yola rus sülhməramlı qüvvələrinin daşınması və bu ərazidə qeyri-qanuni məskunlaşan erməni sakinlərinin çıxarılması gözlənilmir. Amma istənilən halda bu baş verəcək. Çünki 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərində konkret olaraq göstərilir ki, Laçın rayonunda yeni dəhliz üç il ərzində yekunlaşmalıdır. Ola bilsin ki, gələn ilin yazında biz bu prosesin baş verməsinə şahidi olacağıq və Laçın şəhərində bayrağımızı qaldıracağıq”.
Məsələ ilə bağlı ermənilərin təşvişinə münasibət bildirən Ədalət Verdiyev qeyd edib ki, erməni mətbuatında populist fikirlər və İrəvanın meydanlarında təşkil olunan mitinqlərdə revanşist yönümlü çıxışlar ilə tez-tez rastlaşmaq olur.
“Yaxşı olar ki, düşmən tərəfi üçtərəfli noyabr bəyanatının şərtlərini oxusunlar. Orada göstərilən müddət göstəriciləri ilə tanış olsunlar. Bunu da nəzərə alaq ki, qanunsuz erməni silahlarının bölgədən çıxarılması, eləcədə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bir müddət qalıb. Bu müddət ərzində bu istiqamətdə tədbirlər görülməzsə, Ermənistan və Azərbaycan arasında vəziyyət gərginləşə bilər. Ermənistanın öz funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Azərbaycan birgə müqavilədən imzasını geri çəkib, 2020-ci il 9 noyabrdan əvvəlki vəziyyətə qayıda bilər. Həmin gün isə Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edib, 72 kəndi və 8 yüksəkliyi nəzarətə götürüb. Bu proses həmin nöqtədən davam edə bilər”.
Qeyd edək ki, sosial şəbəkələrdə hazırki Laçın dəhlizinin iyulun 1-dən alternativ yol ilə əvəzlənməsi ilə bağlı məlumatlar dolaşır.
Yunis Abdullayev