“İran hər zaman İsraili bəhanə edərək Azərbaycana təzyiqlər göstərir”.
Bu sözləri Ednews –a açıqlaması zamanı siyasi şərhçi Sədrəddin Soltan İranda çap olunan və iqtidaryönlü Kayhan qəzetində anti-Azərbaycan mövqeyinin məqsədini şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, Tehran Azərbaycan-İsrail münasibətlərində problemlər yaratmaq üçün hər zaman müxtəlif vasitələrə əl atır.
“İran rəsmiləri və media agentlikləri davamlı olaraq Azərbaycan-İsrail münasibətlərinə müdaxilə edib müxtəlif səbəblərdən dolayı hər iki ölkə arasında normal olan əlaqələri gərginləşdirməyə çalışıblar. 44 günlük Vətən müharibəsindən sonra guya Azərbaycanda İsrail hərbiçilərinin fəaliyyət göstərməsinə dair İran rəsmilərinin bəyanatları da buna sübutdur. İran rejiminin ölkəmizi İsrail dostluq etdiyinə görə hədəfə alması Azərbaycan və İran arasında qonşuluq münasibətlərinə mənfi təsir edə bilər”.
Qeyd edək ki, İran hakimiyyətinə yaxınlığı ilə seçilən Kayhan qəzetində Azərbaycanla bağlı növbəti təxribatyönümlü məqalə dərc olunub.
Məqaləda İsrailin kiberhücumlar üçün Azərbaycanı mərkəz seçdiyini və ölkənin casuslarının kibertəhlükəsizlik sahəsində respublikada fəaliyyət göstərməsi haqqında iddialar qeyd olunub.
Yunis Abdullayev