Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari 3-7 oktyabr tarixlərində tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirmə və təlim seminarları həyata keçirib.
Ednews xəbər verir ki, TƏBİB ilə əməkdaşlıq çərçivəsində gerçəkləşən missiyanın üzvləri Azərbaycanın 5 dövlət xəstəxanasında – Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstənası və Sabunçu Tibb Mərkəzi, habelə Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarında tibbi avadanlıqların idarəedilməsi, o cümlədən oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyyə planlarına baxış keçirib. Tibb müəssisələrinə səfər zamanı sözügedən xəstəxanaların rəhbərləri ilə görüşən missiya üzvləri tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verib, işçi heyətinin potensialının artırılması üçün təlimlərin əhəmiyyətini qeyd edib.
ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari və ÜST-nin mütəxəssisi Dr Tural Qulu TƏBİB əməkdaşları ilə görüşüb və tibb müəssisələrində aparılmış qiymətləndirmələrlə bağlı onları məlumatlandırıb. Görüşdə tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verilib, qısa- və uzunmüddətli perspektivdə görüləcək işlər müzakirə olunub.