Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Xüsusi Təyinatlı Qüvvələrin təlimləri ilə bağlı səsləndirilən bəzi iddialara görə, bu təlimlər birbaşa İran hərbi qüvvələrinin bu yaxınlarda Araz çayı boyunca ərazilərdə həyata keçirdiyi təxribatxarakterli hərbi təlimlərə cavab olaraq keçirilir.
Məsələ ilə bağlı Ednews-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bu iddiaları doğru hesab etməyib.
“Bizim hərbi təlimlər öz ərazilərimizdə həyata keçirilir. Bu təlimlərin sərhədə yaxın yerlərdə və ya digər ərazilərdə keçirilməsi heç bir dövlətə aidiyyatı yoxdur. Biz öz təhlükəsizliyimizi təmin etmək üçün planlı şəkildə bu təlimləri indiyə qədər keçirmişik və bundan sonra keçərəcəyik”.
Hərbi ekspert Alp Araslan İmamqulu da həmkarı ilə eyni fikirləri bölüşüb.
“Mövcud təlimlər Müdafiə Nazirliyinin daha əvvəldən döyüş hazırlığı planına uyğun olaraq planlaşdırılmış təlimlərdir. Bunun İranla və digər dövlətlə bir bağlantısı yoxdur. Mütəmadi olaraq bu hərbi təlimlər həyata keçirilməkdədir”.
Yunis Abdullayev