"Bir Azərbaycan vətəndaşı olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəalların, QHT təmsilçiləri və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyanı dəstəkləyirəm".
Bu sözləri Ednews-a açıqlamasında Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz deyib.
Partiya sədri qeyd edib ki, bizim ekoloqlarımızın Azərbaycan ərazisinə buraxılmaması qəbuledilməzdir:
"Gözümüz görə-görə mədənlərdə baş verən qanunsuzluqların, törədilən ekoloji terrorun qarşısının alınması Azərbaycanın haqq işidir. Təbii ki, Azərbaycanın faydalı qazıntılarının talan edilməsinə biganə münasibətin belə də cavabı olmalı idi. Əraziyə nəzarət edən sülhməramlılar bilməlidirlər ki, vətəndaş cəmiyyətlərinin baş verən qanunsuzluğa etiraz etmək hüququ var. Çünki, faydalı yataqların talan edildiyi ərazi Azərbaycana məxsusdur. Odur ki, mən belə aksiyaların tərəfindəyəm və bir Azərbaycan vətəndaşı, biz siyasi partiya rəhbəri kimi aksiyanı dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycan qanunlarından irəli gələn tələblər ölkənin bütün ərazisində yerinə yetirilməlidir".
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yerləşən yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.
Oğuz Ayvaz