“Ruben Vardanyan Qarabağda və Ermənistanda Rusiyanın geosiyasi maraqlarına münasib olan siyasi alətidir”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Natiq Miri qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın müharibə çağırışlarını şərh edərkən bildirib.
Söhbət zamanı o, qeyd edib ki, Qarabağda gedən son siyasi prosesləri Rusiyanın nəzarətində saxlamaq üçün Vardanyandan istifadə önəmlidir.
“Bu kontekstdə Ruben Vardanyanın Qarabağda erməni ictimaiyyətində siyasi imici möhkəmləndikdən sonra Ermənistanda Paşinyan hakimiyyətini əvəzləyəcək qüvvə - Vardanyan iqtidarının formalaşması istiqamətində ciddi addımlar atılacaq. Ruben Vardanyan heç cürə özbaşına hərəkət edə bilməz. Bu adam Moskvanın cızdığı xəritə əsasında addımlarını atır. Bu günlərdə Vardanyan rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarında və talan olunmasında əsas rol oynayan bir fiqurdur. Əlbəttə ki, sərvətlərimiz Rusiyanın himayəsi altında talan edilir. Məhz bu səbəblərə görə, Azərbaycan ictimaiyyətinin nümayindələri Laçında etiraz aksiyaları keçirirlər”.
N.Mirinin sözlərinə görə, Vardanyanın müharibə çağırışları və digər qanunsuz əməlləri Azərbaycan qanunlarına görə cinayət hesab edilir.
“Azərbaycan vətəndaşı olmayan, Qarabağ erməniləri ilə heç bir bağlantısı olmayan Ruben Vardanyan boynunu aşan məsələlərə müdaxilə etməsi cinayət tərkibli bir işdir. Baş Prokurorluq tərəfindən Vardanyan barəsində cinayət işi açılmalıdır, istintaq aparılmalıdır. Eyni zamanda məhkəmə prosesi də başlanılmalı və onun həbsi barədə qərar verilməlidir. Bununla belə, Vardanyan üçün Qarabağı dar etmək lazımdır, onun ərazidə fəaliyyət və hərəkət imkanları məhdudlaşdırılmalıdır. Bu cür özbaşnalıqların davam etdiyi təqdirdə Rusiyanın maraqlarını təmsil edən bu şəxs hər saniyədə, hər addımlıqda Azərbaycan hərbiçilərinin, xüsusi xidmət orqanlarının cavab tədbirləri ilə üzləşəcək. Bu proses başlanılmalıdır ki, Vardanyan və digər erməni separatçıları Rusiyanın sifarişi ilə təxribatlar törətməsin”.
Sonda N.Miri onu da vurğulayıb ki, Azərbaycan yaxın zamanda Qarabağda təhlükəsizliyin təmin edilməsi istiqamətində hərbi-siyasi tədbirlər görəcək.
“Ruben Vardanyan təkcə rus sülhməramlılardan yox, həmçinin terrorçu rejimin ünsürlərindən də güc alır. Azərbaycan zaman məhdudiyyəti yaratmaqla Rusiyadan qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması və ya tərkisilah olunmasını tələb etməlidir. Tələblərimizə məhəl qoyulmadığı təqdirdə Azərbaycan ordusu bölgədə mütləq anti-terror əməliyyatları həyata keçirməlidir. Erməni terrorçuları məhv edildikdən sonra Vardanyan və onun kimilər Qarabağda heç bir halda sərbəst fəaliyyət göstərə bilməyəcəklər”.
Yunis Abdullayev