Bu il oktyabr ayında Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 illik yubileyini qeyd edib.
Bu münasibətlə bir çox rəsmi və ictimai xadimlər BAMF-ın prezidenti Umud Mirzəyevə təbrik mesajları ünvanlayıblar. Bu şəxslərdən biri də Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusdur.
Təbrik videosunda o, fondun 30 ildir dünyanın xilası uğrunda çalışdığını, insanları doğru olmayan işlər barədə xəbərdar etməyindən söz açıb. Üç sıfır nəzəryəsini BMT nümayəndələri qəbul edərsə BAMF-la birgə reallaşdıra biləcəyindən danışıb.
Xatırladaq ki, Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə 2016-ci ildə Bakıya səfər edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir ki, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusla əməkdaşlıq edir.
Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı Nobel Sülh Mükafatına layiq görülüb. Professor Məhəmməd Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı Məhəmməd Yunusu 2012-ci ilin mart ayında “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.