Erməni mətbuatında yayılan məlumatlara görə, rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində qondarma rejimin ünsürləri növbədənkənar parlament və prezident seçkiləri keçirəcəklər.
Bundan başqa, erməni KİV-ləri separatçı mənbələrə istinadən iddia edirlər ki, dünən qondarma rejimin “Təhlükəsizlik Şurası”-nın iclasında prezident Arayik Arutyunyan ilə rejimin “dövlət katib”-i Ruben Vardanyan arasında fikir ayrılıqları yaşanıb.
Ümumiyyətlə, son dövrlər qondarma dövlətin daxilində hansı siyasi proseslər və çəkişmələr baş verir?
Məsələ ilə bağlı Ednews-a açıqlamasında jurnalist Asəf Quliyev qeyd edib ki, Rusiya Qarabağda bütün dövlət səlahiyyətlərinin Ruben Vardanyana verilməsini və ona bağlı hakimiyyətin qurulmasını istəyir.
Söhbət əsnasında A.Quliyev bildirib ki, yaxın gələcəkdə Kreml Vardanyanı Qarabağdan sonra Ermənistan siyasətinə gətirə bilər.
“Aydın məsələdir ki, Ruben Vardanyanı Qarabağa Rusiya göndərib. Əlbəttə, Moskva burada bir neçə məqsəd güdür. Birincisi, görünən odur ki, Rusiya Qarabağda erməni separatçıları arasında liderlərə artıq etibar etmir. Buna görə də Kreml özünə sadiq olan adımı Qarabağa göndərib və orada separatçılığı daha da alovlandırır. Eyni zamanda Ruben Vardanyanın da öz məqsədləri var. Vardanyanın bütün biznes şəbəkəsi son zamanlar dünya tərəfindən təcrid olunan Rusiyadadır və bu şəxsin Qarabağda öz dayağını möhkəmləndirməkdə marağı öz biznesini Moskvaya tətbiq olunan sanksiyalardan qorumaq da ola bilər. Bu məsələnin görünən tərəfidir. Amma məsələnin görünməyən tərəfləri də ola bilər. Səslənən fikirlərə görə, Rusiya Ruben Vardanyanı Qarabağda müəyyən vəzifəyə gətirməklə sonradan onun Ermənistana transferini təşkil etmək niyyətindədir. Qeyd edim ki, Vardanyan Qarabağda ilk günlərində yerli erməni liderləri tərəfindən arzu olunmaz şəxs kimi görünürdü, çünki o, həmin separatçıların yerini dar etmək üçün göndərilmişdi. Son proseslərdə Vitali Balasanyanın “Təhlükəsizlik Şurası”-nın katibliyindən və David Babayanın “Xarici İşlər” naziri vəzifəsindən kənarlaşdırılması Vardanyanın özünün hakim obrazını yaratmasına yönələn addımlardır. İndi də yeni siyasi oyun ortalığa atıblar. Guya ki, növbədənkənar seçki keçirməklə siyasi böhranın qarşısını alacaqlar”.
Erməni mediasında Arutyunyan ilə Vardanyan arasında fikirayrılıqlarına və daxili çəkişmələrə münasibət bildirən A.Quliyev vurğulayıb ki, rejimin hazırki rəhbəri Rusiyanı qane etmir.
“Güman etmirəm ki, Arutyunyan Vardanyana qarşı çıxsın. Ona görə ki, Arutyunyan özü yaxşı bilir ki, Rusiya onun üzərindən xətt çəkib. Amma o, hələ ki, öz vəzifəsini icra etmək məcburiyyətindədir. Əslinə qalanda Arayik özünü siyasi yükdən azad etmək istəyir, çünki o, qondarma rejimin prezidenti seçiləndən sonra ağır məğlubiyyətlə nəticələnən müharibə başladı, müharibə başa çatdıqdan sonra isə Qarabağda siyasi vəziyyət daha gərginləşdi. Arutyunyan Rusiyanın layihəsi - Vardanyana qarşı çıxa bilməz”.
Sonda A.Quliyev bilidirib ki, Vardanyanı növbədənkənar seçkilər yolu ilə separatçı rejimin rəhbər postuna gətirə bilərlər.
“Xankəndi, Xocalı, Xocəvənd və Ağdərədə bütün nəzarət Rusiya sülhməramlı Kontingentinin nəzarətindədir. Bizə məxsus olan bu ərazilərdə təsir rıçaqları sülhməramlıların əlindədir. Artıq Vardanyan da həmin rıçaqlara nəzarət funksiyasını öz üzərinə götürüb. Siyasi seçki oyunu qurub Ruben Vardanyanı istənilən rəhbər vəzifəyə təyin etmələri mümkündür”.
Yunis Abdulayev