Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
Lakin Paşinyanın bu açıqlaması onun hərəkətlərindən fərqli mövqe sərgiləyir. Ermənistan baş naziri dəfələrlə Azərbaycanla barışığa hazır olduqlarını bildirsə də, nədənsə sülh müqaviləsinin imzalanmasını qəsdən ləngidir və təxribatlarına davam edir.
Məsələ ilə bağlı deputat Elşad Mirbəşiroğlu Ednews-a bildirib ki, Ermənistanın baş nazirinin bu gün söylədiyi fikirlər çox da ciddi qəbullanmamalıdır.
“Çünki biz bunları hər zaman müşahidə etmişik. Ermənistanın baş naziri dəfələrlə mövqelərinin fərqli olduğunu göstərir. Onların açıqlamaları ilə mövqeləri arasında hər zaman paradoks olub. Bəli, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Lakin, digər tərəfdən isə Qarabağa status istəyir. Bu baxımdan hesab edirəm ki, Paşinyan hər zaman olduğu kimi öz qeyri-ciddiliyi ilə seçilir. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan hərbi ritorikasını daha da sərtləşib. Paşinyan sələflərindən geri qalmır. Ermənistan Azərbaycanla sülh sazişini bağlamaqdan boyun qaçırır. O, həmişə özünə dəstək axtarırdı ki, sülh sazişindən yayına bilsin. Paşinyan söhbətdən tamamilə ilə uzaqdır”.
Deputatın sözlərinə görə, Azərbaycan başlatmış olduğu sülhü davam etdirmək gücündədir.
“Lakin Ermənistan yenə də təxribatlarını davam etdirəcəksə, Azərbaycan 2020-ci ildə olduğu kimi ona sərt reaksiyasını göstərəcək. Bu da Ermənistan üçün olduqca fəlakətli olacaq. Paşinyanın ölkəsi üçün sərgiləyə biləcəyi ən doğru yol Azərbaycanın sülh təşəbbüslərinə cavab verməkdir”.
Aysel Şahmar