Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşündən gözləntilər böyükdür.
Arlinqtonda keçirilən görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılır. İndiyə qədər olan danışıqlarda hələ ki, müsbət nəticə əldə olunmayıb. Maraqlıdır, Vaşinqtondan sülh müjdəsi gələ bilərmi?
“Azərbaycan-Ermənistan sülh danışıqlarının bir neçə gün davam etməsi artıq prosesin ciddi xarakterindən xəbər verir”.
Bunu Ednews- a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, sülh sazişi iki ölkədən çox Ermənistanın xeyrinə olacaq.
“Sülh sazişinin imzalanması bəyanatın qaydalarına əməl edilməsi deməkdir. Sülh sazişinin prinsiplərinin həyata keçirilməsi vaxt tələb edir. Sülh əldə etmək istəyən ölkələr bunun üçün çalışmalıdır. Lakin biz bu işdə yalnız Azərbaycanın can atdığını görürük. Burada həm də Qarabağda yaşayan ermənilərin məsələsinə də baxılmaldır”.
Politoloq Azərbaycan-Ermənistan sülh danışıqlarında beynəlxalq oyunçuların hərəkətə keçmək qərarı verdiyini də vurğulayıb:
“Danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq. Rəsmi Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun”.