Zərdüşt Əlizadə: “Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb” - ŞƏRH - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Zərdüşt Əlizadə: “Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb” - ŞƏRH

Siyasət A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  ABŞ dövlət katibi Entoni Blinkenin dəvətilə bu ölkəyə işgüzar səfərə gedib. Səfər çərçivəsində  Ermənistanla “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. ABŞ bu görüşdə fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi”nin cızılmasına hazırlaşır.

Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-ın dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhün mümkünlüyünə inandığını bildirib.

Bu günlərdə ABŞ dövlət katibinin Ermənistanın baş nazirilə də eyni məzmunda söhbəti olub.

Bundan əvvəl, aprelin ortalarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan danışıqlarının növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verildiyini bəyan etmişdi: 

“Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər”.

Son siyasi proseslərlər bağlı siyasi şərhçisi Zərdüşt Əlizadə Ednews-a bildirib ki, Rusiya Vaşinqtonun təşəbbüslərinin qarşısını almağa çalışacaq: 

“Rusiyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və onların nəticələri tamamilə Rusiyanın nəzarətində olsun. Yəni, Rusiya çalışır ki, Azərbaycan və Ermənistanın qarşısında bir ifadəçilər kimi özü yazdığı not kağızını qoysun və desin ki, mən yazdığım havanı siz çalmalısınız”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan bunu istəmir, daha mülayim və bitərəf mövqe tutan ABŞ-ın vasitəçiliyinə üstünlük verirlər: 

“Bu, hər iki tərəfin mövqeyi Rusiyanı cırnadır. Rusiya çalışır ki, burada bir qulp qoysun. Lakin vəziyyət dəyişib: Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb. Ona görə də biz artıq ciddi şəkildə hansısa ümumi razılaşmaya doğru irəliləyirik və ABŞ bizə bu istiqamətində yardım göstərir. Ən azı dünyadakı nüfuzundan istifadə edib bizim bu müstəqil qərar qəbul etmək qətiyyətimizi dəstəkləyir”.

O, vurğulayıb ki, Azərbaycan sülh sazişi ilə bağlı təkliflərini Ermənistana, Ermənistan isə Azərbaycana göndərir: 

“Ortada da hansısa layihə var. Bu layihə iki variantda ola bilər. Bir variantda deyilir ki, Ermənistan Respublikası və Azərbaycan Respublikası təntənəli şəkildə elan edirlər ki, bir-birinin ərazisini tanıyırlar, heç birinin ərazi iddiaları yoxdur”.

Politoloqun düşüncəsinə görə, “daha ağıllı variantda isə” yazılmalıdır ki, Azərbaycan Respublikası Ermənistan Respublikasını tanıyır: 

“Onun 29800 min kvadrat kilometrdən ibarət olduğunu qəbul edir, ona qarşı heç bir ərazi iddiası yoxdur, çalışır ki, bütün normal dövlətlərlə olduğu kimi iqtisadı, siyasi, sosial sahələrdə əlaqələr qursun və qarşılıqlı hörmət şəraitində münasibətləri inkişaf etdirsin. Ermənistan da öz tərəfindən Azərbaycanın 86 600 kvadrat kilometrlik ərazisini tanıyır və elan edir ki, ona qarşı heç bir ərazi iddiası yoxdur, onunla bütün kommunikasiyaları açmağa, iqtisadi, siyasi, insani münasibətləri qurmağa hazırdır. Bu, mümkündür”.

Oğuz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...