Ermənilər son günlər Naxçıvanla sərhəddə tez-tez təxribatlar edir, Muxtar Respublika ərazisini atəşə tuturlar. Sirr deyil ki, Naxçıvan 100 il öncə imzalanan Qars müqaviləsi ilə Türkiyə tərəfindən qorunur. Yəni Naxçıvana hücum olarsa, Türkiyə bu bölgəyə qoşun yeritmək haqqına sahibdir. Sözsüz ki, Ermənistan da bunu bilir.
Ermənistan hansı səbəblərdən Naxçıvanı hədəf seçə bilər? İranın bu məsələdə rolundan da danışa bilərikmi?
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi ki, Ermənistanın Arazdəyən istiqamətindən törətdiyi təxribatın məqsədi anklavda olan Kərki məsələsi ilə bərabər, bölgədə tikiləcək metallurgiya zavodunun təhlükəsizliyinin təmin olunması bəhanəsi ilə Qərbin bölgəyə yerləşməsini təmin etməkdir:
“Belə ki, Ermənistan bu istiqamətdə vəziyyəti gərginləşdirməklə Kərkinin qaytarılmaması üçün beynəlxalq dəstək qazanmağa çalışır. ABŞ bayrağının qaldırılması da bununla bağlıdır. İki gün əvvəl Paşinyan etiraf etdi ki, 44 günlük savaşda Putindən Zəngəzurda, sərhədlər boyunca Rusiya bayrağını qaldırmaqla Azərbaycan Ordusunun qarşısına çıxmağı xahiş edib. Yəni Ermənistan öz təhlükəsizliyi təmin edə bilmədiyi üçün Rusiya və Avropa İttifaqından sonra ABŞ-dan da təhlükəsizlik təminatını almağa çalışır. Əlbəttə, bu təxribatlarda Fransa, İran Hindista kimi ölkələrin maraqlı olması gerçəkdir”.
O.Qasımov qeyd etdi ki, metallurgiya zavodunun investorlarından birinin Hindistan əsilli olduğu məlumdur:
“Xatırladım ki, İran bir müddət əvvəl məhz bu əraziyə yaxın yerdə - Türkiyə, Naxçıvan və Ermənistan sərhəddində hərbi təlimlər keçirmişdi. Fransa isə bölgədəki gərginlik fonunda Ermənistanı sılahlandırmaqla bərabər, onun "təhlükəsizliyinin təminatı" adı ilə oraya yerləşmək istəyir. Tikilən zavod və orada qaldırılan bayraq məsələsinin arxasında ABŞ-ın dövlət iradəsinin olub-olmadığı hələlik məlum deyil. Ona görə ABŞ-ın bu gərginlikdə və Zəngəzur dəhlizinin açılmamasında nə qədər maraqlı olduğunu söyləmək çətindir. Baxmayaraq ki, Amerika israrla bölgədə sülh və sabitlikdən, o cümlədən kommunikasiyaların açılmasından yana olduğunu vurğulayır. Amma o da bir gerçək ki, ABŞ və kollektiv Qərb Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılması üçün aktiv fəaliyyətdədir".
Oğuz