Xəbər verdiyimiz kimi, Avro-2024-ün seçmə mərhələsinin 6-cı turunun Ermənistan - Xorvatiya matçı zamanı üzərində qondarma rejimin əski parçası olan dron Respublika stadionu üzərində peyda olub.
Bu təxribatla Ermənistan dünyaya hansı mesajı vermək istəyir?
Bununla bağlı Ednews-a politoloq Tofiq Abbasov münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan belə cılız təxribatlarla özünün acizliyini nümayiş etdirir. Əslində bu hansı mesajdır? Bu həyəcan təbilinə bənzəyən mesajdır ki, ay aman Qarabağ əldən gedir, bizə kömək edin:
“Biz onsuz da bilirik ki, Ermənistanın özünün dövlət olaraq gücü, bacarığı yoxdur. Ermənistan öz maraqlarını açıq şəkildə, qətiyyətlə bəyan etsin, digər tərəfdən də onların arxasında dura bilsin. Bunları edə bilmir. Rusiyadan küsüblər, səbəb isə 2020-ci ildə Rusiya Ermənistanın əvəzinə vuruşmayıb. İndi isə Qərbin ayağına yıxılırlar. Çalışırlar ki, Qərbi prosesə cəlb etsinlər. Guya bunlar onların arxasında duracaq. Qərbə lazım olan bu bölgədə möhkəmlənməkdir. Öz maraqlarını da Qafqazda yerləşdirməkdir”.
Politoloq qeyd etdi ki, Ermənistan belə yollarla heç vaxt Qarabağı rəsmiləşdirə bilməyəcək. İstər istəməz dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:
“Qarabağ Azərbaycanın ayırlmaz tərkib hissəsidir. Orada bərpa, quruculuq işləri aparılır. Əslində bizim hazırlığımız, bacarığımız, iş qabilliyətimiz sanki tək Ermənistanı yox, onun arxasında duran qüvvələri də qıcıqlandırır. Ona görə də onlar nümayişkərcəsinə özlərinin iç üzlərini göstərirlər. Guya ki, Qarabağ haçansa müstəqil dövlətə çevrilə bilər. 25 min balaca icmanın heç bir şansı yoxdur. Digər tərəfdən onlara Azərbaycan tərəfindən imkan verilmir və verilməyəcək də. Azərbaycan proseslərin hamısını siyasi baxımdan çox savadlı tərzdə həyata keçirir. Qoy, bunlar dronlarını qaldırsınlar, əski parçalarını nümayiş etdirsinlər. Onlar bu cür gedişlərlə heç vaxt istəklərinə nail ola bilməyəcəklər”.
Oğuz