Fransa, İran və Rusiyanın Zəngəzurda konsulluq, Avropa Birliyinin isə müşahidə qərargahı açması Ermənistanda müzakirə mövzusudur. Yerli sakinlər bunun nə ilə bağlı olduğuna dair Ermənistan hökumətinə sorğu da ünvanlayıblar.
Bu barədə Ednews-a politoloq Qabil Hüseynli bildirdi ki, bölgədə siyasi oyunbazlıqla məşğul olan dövlətlər var. Bu dövlətlər bölgədə nüfuz dairəsinin bölünməsi uğrunda savaşırlar:
“Bu savaşda əsas məqsəd bölgədə yerləşmək və burada öz maraqlarını reallaşdırmaqdan ibarətdir. Bu baxımdan, İran və Fransanın Zəngəzurda konsulluq açması təəccüb doğurur. Çünki həmin ərazilərdə nə bir fransalı, nə də bir iranlı yaşayır. Belə olan halda İrəvanda yox, ucqar bir rayonda konsulluq açmaq acı təbəssüm yaradır”.
Politoloqun hesab edir ki, konsulluq açma yarışı onların bölgədə maraqlarını həyata keçirməyə heç bir töhfə verməyəcək:
“Bu konsulluqlarının hansı üstünlük və ya məziyyətlərindən istifadə edib maraqlarını təmin etməyə çalışacaqlar? Buna cavab vermək çox çətindir. İndiyədək dünya təcrübəsində balaca bir bölgədə bir neçə dövlətin eyni vaxtda konsulluq açma praktikası yoxdur. Bu da gülüş doğurur. “İran və Fransa başlarını itirib” desəm, yanılmaram”.
Q.Hüseynli qeyd etdi ki, Paşinyan Ermənistanda dəhliz yox, şose və dəmir yollarının açılmasına razıdır, amma Ermənistanın suverenliyinə riayət edilməsi şərtilə:
“Paşinyan dedi ki, yolun başlanğıcında Ermənistanın gömrük və sərhəd xidmətləri olmalıdır. İndi Ermənistan sərhədlərində bu xidməti Rusiyanın aidiyyəti qurumları həyata keçirir. Dolaşıqlıq yaradan məsələlərdən biri də budur. Zənnimcə, məsələnin bu qədər çək-çevirə salınması sonda Ermənistanın buna razılıq verməsi ilə bitə bilər.
Əslində, dəhlizin Ermənistan üzərindən keçməsi hamıdan çox onun özü üçün sərfəlidir. Qənaətimə görə, Ermənistan bu məsələdə axıradək davam gətirə bilməyəcək”.
Oğuz